Adil Şükürov I Liqada, Samir Abasov və Elmar Baxşıyev hələ ki işsizdir - bu mövsüm Premyer Liqada istefaya göndərilən məşqçilər

17:30 - 10 Yanvar 2026

Mövzümün istefası "Kəpəz"də yaşanmışdı. Gəncə klubunda bərbad başlanğıc edən Adil Şükürova qapını göstərmişdilər. Lakin Şükürovun işsiz günləri uzun çəkmədi, mütəxəssis I Liqada çempionluğu hədəfləyən "Səbail"ın başına gətirildi. 

Adil Şükürov I Liqada komandanı cəmi 3 oyuna çıxarsa da, lider "Şəfa"yla xal fərqi 5-dən 8-ə qalxıb. Bunun üstünə "Səbail" ikinci pilləni də "Baku Sportinq"ə əldən verib. Xüsusən, son turda aşkar autsayder "Şımal"a məğlub olmaları həm Adil Şükürovun özünə, həm də "Səbail"ə böyük zərbə olub. Hətta bu oyunun nəticəsinin UEFA tərəfindən araşdırılmasına dair məlumatlar yayılıb. Sonrasını demək çətindir, amma bu gedişlə "Səbail"in çempion olacağına ümid çox deyil. Bəlkə 2-ci yeri tutub Premyer Liqanın 11-ci komandası ilə pley-off matçına çıxmaq mümkün olar. Amma bu baş versə belə, elita təmsilçisini məğlub etmək real görünmür.

Bu mövsüm Premyer Liqada istefaya göndərilən məşqçilər arasında Samir Abasovun personası daha diqqət çəkəndir. Ötən mövsümdən "Neftçi"ni çalışdırmağa başlayan Abasov gəldiyi gündən "yaxşı olacaq" mesajını versə də, heç cür ortaya yaxşı iş qoya bilmədi. Uğursuzluqlarda mətbuatı günahkar bilib, digər mətləblərdən danışsa da, fakt odur ki, ona yaradılan şəraitin qarşılığını vermədi.

Samir Abasov hələ ki işsizdir. Düzü, onun "Neftçi" ilə kompensasiya məsələsini tam həll edib-etməməsinə dair məlumat yoxdur. Yəni, "Neftçi" onunla ödəşmədən başqa klubda işləməsi mümkün deyil. Belədə təzminatdan keçməli ola bilər. Lakin o məsələ həllini tapsa da, çətin ki yaxın zamanlarda ona təklif gəlsin. "Neftçi"dəki son işi gələcəyə ümid vermədi.

Elə Elmar Baxşıyevlə bağlı durum da, buna oxşardı. O da "Araz-Naxçıvan"dan təzminat gözləyir. Baxşıyevin nəticələri Abasovla müqayisədə daha yaxşı olsa da, klub rəhbərliyinin gözləntiləri daha böyükdür. Ötən mövsüm son 18 oyunda cəmi 3 qələbə qazanan "Araz-Naxçıvan" qeyri-sabitliyə rəğmən avrokuboklara vəsiqə qazana bilmişdi. Bu mövsüm heyətin güclənməsinə baxmayaraq, əzəmətli təsir bağışlaya bilmirdilər. Lakin Baxşıyevin işini bərbad adlandırmaq da doğru olmaz. Rəhbərliyin gözləntilərini qarşılaya bilməsə də, komanda avrokubok zonasından uzaq düşməyib. 

Samir Abasovla nisbətdə Elmar Baxşıyevin Premyer Liqada iş tapması daha ağılabatandır. Amma hələ ki təklifi yoxdur.

Fikrət

Xəbər xətti