Luis Enrike: "Bavariya" bu mövsüm qarşılaşdığımız ən güclü komandadır"

13:38 - 6 May 2026

PJS UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində Almaniyada "Bavariya"nın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike matçdan öncə keçirilən mətbuat konfransında açıqlamalar verib. İspaniyalı mütəxəssis "Bavariya"nın bu mövsüm qarşılaşdıqları ən güclü komanda olduğunu deyib:

“İlk növbədə, bura hər gəldiyimiz zaman çox gözəl xatirələr canlanır. Bu stadionda ilk Çempionlar Liqası titulunu qazandığımızı heç vaxt unutmayacağıq. Bura möhtəşəm arenadır. Növbəti mərhələyə yüksəlmək bizim üçün ciddi bir çağırışdır. Heç bir PSJ oyunçusu və ya azarkeşi mübarizəni dayandırmayacaq, dəstəyi kəsməyəcək. İndi ikinci finala yüksəlmək üçün daha da artıq güc sərf etməyin vaxtıdır. Burada olma səbəbimizi göstərmək və anlamaq vacibdir.

"Bavariya" şübhəsiz ki, bu mövsüm qarşılaşdığımız ən güclü komandadır. Belə səviyyəli və güclü rəqibə qarşı oynayanda futbolçulara ilk demək istədiyim budur ki, bizim bir top üstünlüyümüz var, amma futbolda bu heç nə demək deyil. Keçən ildən təcrübəmiz var. Həmişə azarkeşlərimiz üçün ən yaxşı oyunumuzu göstərməyə çalışırıq. Meydana indiyədək olduğundan daha rəqabətcil olmaq məqsədi ilə çıxacağıq.

Rafael Nadal bir dəfə demişdi ki, karyerasının müəyyən mərhələsində Rodjer Federer və Novak Cokoviçlə qarşılaşmalar onun üçün əlavə motivasiya mənbəyinə çevrilmişdi. Biz də bunu istəyirik. "Bavariya"ya heyranıq, amma bu heyranlıq bizi daha yaxşı olmağa sövq edir. Möhtəşəm futbol oynayan bir komandanı məğlub etməyə çalışacağıq. Azarkeşlərin dəstəyi bizim üçün çox önəmlidir. Belə oyunlardan zövq almaq və qalib gəlməyə çalışmaq lazımdır. Əsas istəyimiz azarkeşlərin gözləntilərini doğrultmaqdır. Təxminən 4 min azarkeşimiz tribunada olacaq. Bu, bizim üçün çox vacibdir və əlavə motivasiya verir".

Qeyd edək ki, "Bavariya" - PSJ qarşılaşması bu gecə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Fransada baş tutan ilk oyun meydan sahiblərrinin 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti