Azərbaycan milli komandası sabah yoldaşlıq görüşü çərçivəsində Malta ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Millətlər Liqasında öncə son toplanışımızdır. Ağır mövsümün bitməsindən sonra futbolçuların belə istəkli, inamlı olması bizi sevindirdi. iki yoldaşlıq oyunu keçirəcəyik. Malta və San Marino ilə matçlarda bütün futbolçuları iş başında görmək istəyirik. Həm yaxşı oyun, həm də yaxşı nəticə göstərmək niyyətindəyik. Bakıdakı və buradakı məşqlər bizə inam verdi. Hamı başa düşür ki, yoldaşlıq görüşü olsa da, hər iki oyunda qalib gəlmək vacibdir. Futbolçulardan bu matçlarda rahat olmalarını istəyirik. Yoldaşlıq oyunlarıın dəyişikliklər etməyə, bütün oyunçulara şans verməyə imkanımız olur. İnanıram ki, sabah maraqlı oyun izləyəcəyik.
- Reytinqə aşağı pillələrdə olan komandalarla yoldaşlıq oyunları keçirməyin səbəbi nədir?
- İstədik ki, iki oyunu da burada keçirək. Bir çox komandalar bura gəlməkdən imtina etdilər. Yol yorğunluğundan ehtiyat edib iki münasib rəqiblə danışdıq. San Marino yığğması C Liqasındadır. Malta isə pley-offda məğlub olub D Liqasında qaldı. Millətlər Liqasını fikirləşirik. Rəqiblərimiz Litva və Lixtenşteynə yaxın gücdə olan komandalarda oynamaq istədik. Malta son illərdə inkişafda olan komandalardandır. Ayın 1-də Slovakiya ilə çox gərgin yoldaşlıq görüşü keçirdilər. 1:2 hesabı ilə məğlub olsalar da, öz güclərini göstərdilər. Millətlər Liqasındakı rəqibləri düşünüb hazırlıq keçəcəyik.
- Maltanı 11 ildir məğlub edə bilmirik. Sabahkı matçda millidən müsbət nəticə gözləməyə dəyər?
- Malta bizə tərs rəqibdir. Buna baxmayaraq qalib gəlmək istəyirik.Əlbəttə onlar da qələbə qazanmaq istəyəcək. Rəqibin çox yaxşı hücum xətti var. İnanıram ki, maraqlı və sürətli oyun olacaq.
- Adətən məşqçilər deyirlər ki, yoldaşlıq oyunlarında nəticə önəmli deyil. Bəs sizin üçün nəticə önəmlidir?
- Yoldaşlıq görüşlərinə rəsmi oyunlardan fərqli yanaşırıq. Ən önəmli fərq əvəzetmələrin sayıdır. Rəsmi matçlarda bu qədər dəyişiklik etmirik. Yoldaşlıq oyunlarında riskə gedə bilirik. Futbol elə oyundur ki, qazanmaq istəyirsən. Yoldaşlıq oyunu olsa da, qələbə qazanmaq istəyəcəyik. Bundan öncə ancaq rəsmi matçlarda yığışa bilirdik. Rəqiblərimiz də çətin idi. Fransa, İslandiya, Ukrayna ilə qarşılaşmalarda hansısa dəyişikliyi gözdən keçirmək riskli idi. Amma bu oyunlar imkan verir ki, nəticəni ikinci planda düşünmək olar.
- Start heyətini müəyyənləşdirmisiz?
- Onu deyə bilərəm ki, iki oyunda fərqli heyətlə çıxış edəcəyik. Bura 25 futbolçu, 3 qapıçı ilə gəlmişik. Emil Balayev sabah əsas heyətdə olacaq. Müdafiənində Anton Krivotsyuk, Bədavi Hüseynov və Elvin Bədəlov, cinahlarda Qismət Alıyevlə Elvin Cəfərquliyev oynayacaq. Orta xətdə Aleksey İsayevlə Emil Səfərov yer alacaq. Hücumda isə Mahir Emreli, Toral Bayramov və Xəyal Əliyev çıxış edəcək. İkinci görüşdə tam fərqli heyətlə oynayacağıq.
- Elvin Cəfərquliyev uzun müddətdir oynamır. Onun durumu necədir?
- Elvinlə söhbətlərimiz olub. Onun istəyini görürük. Bəlkə də böyük oyun üçün darıxıb. Məncə, bu matçlar Elvinə də böyük təkan verəcək. İnanıram ki, sentyabra qədər yeni klub tapacaq və oyun praktikasının azlığından əziyyət çəkməyəcək. Klubla futbolçu arasında olan söhbətlərə qarışa bilmirik. İnanıram ki, "Qarabağ" Elvinin gələcəyini fikirləşəcək və ona yeni klub tapmağa imkan yaradacaq. O, Azərbaycan üçün vacib oyunçudur.
Elçin Əlixan
saytlarin hazirlanmasi
