"Azərbaycana gedəndə insanlar mənim keçi otarmağa getdiyimi yazırdılar" - "Qarabağ"ın sabiq müdafiəçisi

16:24 - 26 Avqust 2026

"​Mənə yazırdılar ki, keçi otarmağa gedirsən, mən isə orada gözəl anlar yaşadım. Timoteuş Puxaç da eyni vəziyyətdədir".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın keçmiş müdafiəçisi Yakub Jezniçak "WP SportoweFakty" portalına açıqlamasında deyib. Polşalı futbolçu "Sabaah"ın tarixi uğuru haqda fikirlöərini bölüşərkən həmyerlisi Timoteuş Puxaç haqda da danışıb.

​Yakub Jezniçak 2017-ci ildə "Qarabağ" ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan zaman komandanın heyətində yer alıb. O, həmin anları belə xatırlayıb:

"​Bizim qələbəmizdən sonra bütün şəhər ayağa qalxdı. Kopenhagendən gecə qayıtdıq. Küçələrdə siqnallar, qışqırıqlar səslənirdi. İnsanlar bizə yaxınlaşır, Premyer Liqa matçları haqqında soruşmurdular. Onları yalnız Çempionlar Liqası oyunları maraqlandırırdı. Biletlərin pulsuz olmasına baxmayaraq, çempionat oyunlarına çox az adam gəlirdi. Çempionlar Liqası matçlarında isə 70 min azarkeş tutumu olan Bakı Olimpiya Stadionu tamamilə dolurdu.

Puxaçın komandası olan "Sabah" da 9 minlik kiçik stadionundan Tofiq Bəhramov adına Respublika stadionuna köçüb. "Hapoel" ilə oyuna 27 min azarkeş gəlmişdi. ​Azərbaycanda bu, normal haldır. İnsanlar avrokuboklarda oynayan klubları dəstəkləyirlər, azarkeşlər arasında düşmənçilik yoxdur. Bütün şəhər bizim Avropadakı çıxışlarımızla nəfəs alırdı. Yerli cəmiyyət üçün bu, böyük hadisədir".

​Jezniçak "Qarabağ"la iki dəfə ölkə çempionu olub, Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsində oynayıb. 39 yaşlı futbolçu Azərbaycanda klub idarəçiliyini tərifləyib:

"​Hər şey stabil, qaydasındadır, hər il komandanın yarısı dəyişdirilmir, transferlər düşünülmüş və qeyri-adi olur. Məsələn, Portuqaliya liqasının autsayderindən və ya başqa az populyar istiqamətdən müxtəlif oyunçular cəlb olunur və Azərbaycanda onlar birdən-birə parıldayırlar. "Sabah"da da eyni hal baş verdi. Onların arasında Almaniyanın ikinci divizionunda çıxış edən "Holstein Kiel"in imtina etdiyi Puxaç da var. Müdafiəçi klub tapa bilməmişdi və Bakı klubu ilə müqaviləni demək olar ki, seçimi olmadığı üçün ötən ilin sentyabr ayının əvvəlində imzalamışdı.

​Bundan əvvəl, təxminən dörd ay ərzində Puxaç mövsümə fərdi şəkildə hazırlaşmış, parkda qaçmış və ya Polşanın aşağı liqa komandaları ilə qonaq qismində məşq etmişdi. ​Orada oyun tərzi fərqlidir, daha çox rahatlıq var. Bir dəfə də olsun nifrətlə qarşılaşmamışam. Bəlkə də buna görə formaya düşmək daha asandır. Məğlubiyyətlərdən sonra belə təzyiq yoxdur, sadəcə işinə davam edirsən. Mətbuat da o qədər də aqressiv deyil. Düzünü desəm, məcbur olmasaydım, Polşaya, bizim bu cəhənnəmimizə qayıtmazdım".

​Jezniçak "Qarabağ"a transferini və Bakıya səfərini xatırlayıb. O, insanların Azərbaycanla bağlı neqativ fikirlərinin olduğunu deyib:

​"Legiya"dan ayrılarkən öz ünvanıma çox şey eşitdim. İnsanlar mənim keçi otarmağa getdiyimi yazırdılar. Puxaçın də vəziyyəti oxşar idi. İnsanlar ona gülürdülər ki, nə edir, hara gedir. "Katovice" ilə müqavilə imzalamadığı üçün onu qınadılar. Düşünürəm ki, o, peşman deyil. ​Puxaç gəldiyi ilk gündən "Sabah"ın əsas heyət oyunçusuna çevrildi. Əvvəlcə o, yalnız bir mövsümlüyə icarəyə götürülmüşdü, lakin klub onu Almaniyadan satın aldı və 3 illik müqavilə təklif etdi. ​Timoteuş bir ildən az müddətdə 42 matç keçirib. Çempionlar Liqasının seçmə mərhələsində isə 5 məhsuldar ötürmə edib. Puxaç növbəti dəfə öz istəyinə nail oldu. Ekspertlər artıq onun üstündən xətt çəkmişdilər. Karyerasının bitəcəyi deyilirdi, elə deyilmi? Amma indi gözəl bir yuxu yaşayır.

​"Sabah" çox inkişaf edib. Mənim vaxtımda biz onları məğlub edirdik, amma o vaxt da onların yaxşı infrastruktura malik gözəl stadionu var idi. Oradakı klublar üçün bu, normal haldır. Azərbaycan çoxdan Avropanın ucqar bölgəsi olmaqdan çıxıb. Sadəcə, bizə hələ də elə gəlir ki, ən yaxşısı bizik.

​Puxaçın hər şeyi yerindədir. O, indi mənim vaxtımda tikilməkdə olan müasir yaşayış massivində yaşayır. Polşada olmayan super restoranlar var. Mən bu yeri "kiçik Dubay" adlandırırdım. Hətta artıq Varşavadan Bakıya birbaşa uçuşlar da mövcuddur. ​O oynayır, formadadır, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Ən azından dəvət almağa və milli komandanın heyəti uğrunda mübarizə aparan oyunçu statusuna layiqdir. Göstərdiyi oyunla o, yenidən milliyə qayıtmalıdır".

Xəbər xətti