"Yayda Özbəkistana yollanmışdım, amma bəzi səbəblərə görə transfer alınmadı" - millimizdə oynamış müdafiəçi

14:33 - 3 Noyabr 2026

"Yayda Özbəkistan və İran klublarından təkliflər almışdım. Özbəkistana da yollanmışdım. Amma bəzi səbəblərdən alınmadı. Şəxsi menecerimlə getmişdim ora. Klubun adın çəkməyim doğru çıxmazdı. Amma məsələlər yarımçıq qaldı, həll olunmadı. Ola bilər ki, bu məsələ qış "transfer pəncərəsi" zamanı yenidən gündəmə gələcək. Həm klub, həm də futbolçu özü üçün şərtlərin yaxşı olmasını istəyir. Bəzi səbəblərdən alınmadı, yəqin ki, qışa qalıb. Ola bilsin ki, qışda alındı".

Bu sözləri Sportal.az saytına açıqlamasında millimizin sabiq üzvü Şəhriyar Əliyev deyib.

Yayda legioner həyatı yaşamağa yaxın olsa da, keçidi baş tutmayan futbolçu hazırda MOİK-in formasını geyinir. O, qışda karyerasında dəyişiklik ola biləcəyini bildirib. Bununla yanaşı, klublarımızın legioner futbolçulara daha çox üstünlük verməsi barədə danışıb:

"Premyer Liqa klublarından da təklif almışdım. Amma mən xarici klubda oynamağa üstünlük verirdim. Sadəcə alınmadı. Yenə var idi təklif, ancaq Premyer Liqa klubuna keçmək də reallaşmadı. Qışda hər şeyə aydınlıq gələcək. MOİK-lə müqavilə imzalamışam. Onlara təşəkkür edirəm. Uzun müddət oynamadıqdan sonra da təklif göndərdilər, dəstək göstərdilər. Məşqsiz qalmışdım, yenidən formaya düşməyə çalışırdım. Axır məşqlərdən birində zədələnmişdim deyə, oynaya bilmədim. Tam hazır olduqdan sonra oynayacam". 

Klublarımız legioner futbolçulara çox üstünlük verdilər, daha çox güvəndilər. Həqiqətən yeni gələn yaxşı legionerlər də var, zəif çıxış edən legionerlər də. Bəlkə də yerlilərə güvən az oldu, xaricə çıxmaq şansı çoxalır. Xaricdə çıxış edən futbolçularımız da azdır. Bəzi klublarımız demək olar ki, yerlilərə heç güvənmir. Bu da milli komandanın oyunlarına təsir edir. Millinin baş məşqçisi də az futbolçu arasından seçim etməli olur". 

Əliyev I Liqa və Premyer Liqanı müqayisə edib: "Premyer Liqa və I Liqa arasında fərq var. Premyer Liqa klubunda daha səlist, daha bacarıqlı futbolçular var. Ancaq I Liqada daha çox mübarizə oyunu gedir, Premyer Liqaya yüksəlmək uğrunda dəhşətli mübarizə gedir. Hamı bir-birindən xal ala bilir. I Liqada daha maraqlı oyunlar olacaq. Biz kollektiv olaraq eyni nöqtəyə vururuq. Danışmışıq ki, ən yaxşısını edəcəyik. Bu klubun yüksəklərdə olmasını istəyirik. Hamımız bunu anlayırıq və əlimizdən gələni edəcəyik ki, klub ən yaxşı yerlərdə olsun".

Mirbağırağa

Xəbər xətti