"Azərbaycan millisinin zəif olduğunu düşünmürəm" - Sergey Rebrov

18:56 - 8 Sentyabr 2025

Ukrayna millisi sabah DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Bakıda Azərbaycanın qonağı olacaq.

Sportal.az xəbər verir ki,  yığmanın baş məşqçisi Sergey Rebrov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu günün əsas xəbəri Fernando Snatuşun Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən qovulmasıdır. Reaksiyanız necədir və bu, sabahkı oyuna hazırlığa necə təsir edəcək?

- Təbii ki, bu, hazırlığa təsir edir. Lazımi düzəlişləri edəcəyik. Rəqib komandanı futbolçular üçün təhlil etmişik. Hücumda və müdafiədə necə oynadıqlarını göstərdik. Amma vacib olan sabah bizim nə göstərəcəyimizdir.

- Sabah Aleksandr Zinçenkonu harada görəcəyik - meydanın mərkəzində, yoxsa cinahda?

- Sabahkı oyunu gözləyin, görərsiniz. Ümumiyyətlə, Aleksandr meydanda olanda istənilən mövqedə komandaya çox kömək edir. Ürəyi ilə oynayır, Ukrayna üçün oynayır. “Arsenal”da məşq etmədən milliyə gələndə belə, onun bu mövsüm heç bir oyun keçirmədiyini hiss etmədim. Əminəm ki, o indi "Nottingem Forest"də daha çox oynayacaq.

- Fransa ilə oyunda millinin heyətində üç debütant gördük. Hazırda milli komanda sisteminin, xüsusən də Unay Melqosanın gənclərdən ibarət komandasının çıxışı sizi qane edir?

- Bəli, razıyam. Düşünürəm ki, gənclərdən ibarət komandada çıxış edən futbolçuların əsas milli komandaya düşmək məqsədinin olması vacibdir. Başa düşmək lazımdır ki, yığmaya düşmək onların gənclər komandasında özlərini necə göstərməsindən asılıdır. Milli komanda üçün oyunçunun sabitlik nümayiş etdirməsi vacibdir. Çünki hər mövqe üçün rəqabət var. Sabitlik olarsa, deməli, millidə özünü təsdiqləmək şansı var. Fransa yığması ilə oyunda sonradan meydana çıxan futbolçular bu şansa layiqdir. Onlar gələcək üçün mühüm təcrübə qazandılar.

- Uzun illərdən sonra ilk dəfədir ki, Ukrayna klubları Çempionlar Liqasının əsas mərhələsində oynamayacaq. Bu fakt millinin çıxışına necə təsir etdi?

- Təəssüf ki, indi klublarımız təsnifat mərhələlərini keçməlidir. Çünki klub reytinqimiz aşağı düşüb. Ölkəmizdə müharibə gedir, belə şəraitdə səviyyəni saxlamaq çətindir. Ukrayna klublarının avrokuboklarda təmsil olunması mənim üçün önəmlidir. Ölkəmizi belə bir səviyyədə təmsil etmək vacibdir. Ümid edirəm və buna əminəm ki, gələn il Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparacağıq.

- Çox zəif rəqiblə oynayacaqsınız. Sizcə, sabah komandanız çox asan qələbə qazanacaq?

- Düşünürəm ki, sabah çətin oyun olacaq. Ümid edirəm ki, futbolçularımız bu mətbuat konfransına qulaq asmayacaqlar. Çünki komandalar məşqçi dəyişikliyi edəndə bunu başqa cür də qəbul etmək olar. Azərbaycan millisinin zəif olduğunu düşünmürəm. Oyunlarına, xüsusən də İslandiya ilə matçın ilk hissəsınə baxdım. Azərbaycan yığmasının çox zəif oynadığını düşünmürəm. Mütəşəkkil oynadılar, amma təəssüf ki, şans yaratmadılar. Biz hər şeyi edəcəyik ki, futbolçular bunu başa düşsünlər və ilk dəqiqədən nəticə əldə etməyə çalışsınlar.

Elçin Əlixan

Xəbər xətti