"Şamaxı" ilə oyunda meydana çıxmasında heç bir problem yoxdur" - Neftçi"nin səs-küylü transferi barədə

23:30 - 10 Avqust 2025

Qarşıdakı mövsümdə uğurlu olmağı hədəfləyən "Neftçi" transferləri ilə diqqət çəkir. Yeni gələnlər arasında barəsində ən çox danışılan İmad Faraj olsa da, fransalı vingeri hələ iş başında görməmişik. Onu "Qarabağ"ın Zubiri ilə müqayisə edirlər, yüksək səviyyəli futbolçu olduğu deyilir. Lakin min eşitməkdən, bir görmək yaxşı olardı. 

Yoxlama oyunlarının heç birində iştirak etməyən İmad Farajın durumunu öyrənmək üçün "Neftçi" klubunun mətbuat xidmətinə müraciət etdik. Sportal.az saytına danışan klubun mətbuat katibi Asəf Zeynallı İmadın hazır olduğunu bildirdi:

"İmad Faraj "Neftçi"yə gələndə, mikro zədəsi var idi. Həm də bizə gec qoşulmuşdu. Zədəsini sağaldan sonra isə həkimlər belə qənaətə gəldilər ki, tam fiziki yükləməni almadan yoxlama oyunlarında iştirakı risklidir. Əslində, sonuncu matça çıxa bilərdi. Amma həmin oyun hava şəraitinə görə təxirə salındı. 

Faraj məşqlərdə ikitərəfli oyunlarda iştirak edir, səhətində hər şey qaydasındadır. Yəni, "Şamaxı" ilə oyunda meydana çıxmasında heç bir problem yoxdur. Təbii ki, bununla bağlı qərarı baş məşqçi verəcək".

Qeyd edək ki, "Neftçi" Premyer Liqada yeni mövsümün ilk oyununda "Şamaxı"nı qəbul edəcək. Həmin oyun avqustun 16-da, saat 20:00-da "Neftçi Arena"da keçiriləcək. 

Xəbər xətti