"Neftçi"nin futbolçusu Breno Almeyda Misli Premyer Liqasının 28-ci turunun “Zirə” ilə(1:1) görüşündən sonra Sportal.az saytına müsahibə verib.
- Nəticə oyuna görə idi?
- Xeyr. Heç də belə olmalı deyildi. Hakimlər bu cür idarəçilik etməli deyildilər. Vərəqələri sağa-sola paylamalı deyillər. Düşünürəm ki, çox yaxşı oyun keçirdik. Neçə vaxtdır ki, üzərimizdə işləyirik və məğlubedilməz komanda kimi davam edirik. Əgər 100 faizin 1 faizi şansdırsa, qalan 99-u əzmkarlıqdır. Biz də bunu edirik.
- Son 10-15 dəqiqədə “Neftçi”yə nə olmuşdu? Rəqib üzərinizə çox gəlirdi...
- Son 10 dəqiqə daha çətin keçdi. Bu cür matçlarda belə gedişat da normaldır. Amma bu, artıq keçmişdə qaldı. Qarşıda “Qarabağ”la oyunumuz var.
- Qırmızı vərəqə ilə cəzalandırıldın. Orada nə baş vermişdi?
- İnanın ki, orada nə baş verdiyini indiyə qədər başa düşmürəm. Rəqib komandanın oyunçusu Junior Martinş tərəfindən çox pis davranış gördük. Rəqibə qarşı belə hörmətsizlik etmək olmaz. Ehtiyat oyunçular skamyasının qarşısında belə hərəkət edərək, rəqibi təxribata çəkmək qəbuledilməzdir. Onun xarakter çatışmazlığı var. Hakim ədalətli qərar verib, vəziyyəti daha düzgün qiymətləndirərək mənə yox, onu cəzalandırmalı idi. Çünki təxribat yaradan Junior idi. Matçın bu gedişatla, bu cür bitməsinin səbəbi hakimlərin oyunun nəzarətini əldən buraxması ilə əlaqədardır. Qərarları verəndə, onun üzərində sərt, qəti dayanmaq lazımdır. Amma onun verdiyi qərarları sonda bu yerlərə gətirib çıxardı.
- “Qarabağ”la görüşdə meydanda olmayacaqsan...
- Bizim çox keyfiyyətli kollektivimiz var. Hamımız birmənalı olaraq, baş məşqçimizə güvənirik. Onun dediklərini yerinə yetiririk. Meydanda olmasam da, onların yanında olacam.
- Demək olar ki, Junior Martinş səni “Qarabağ”la oyuna çıxmaqdan məhrum etdi?
- Bəli. Razıyam. Qol vurub, onu necə istəyirsə, qeyd edə bilər. Amma rəqibin ehtiyat oyunçular skamyasının qarşısında bu cür hörmətsizlik etmək doğru deyil. Mən peşəkaram, heç vaxt özüm bu cür davranış etmərəm. Bizim komanda bir ailədir, imkan vermərəm ki, kimsə kənardan ailəmizə bu cür müdaxilələr etsin.
- Konfrans Liqasına “Zirə” gedəcək, yoxsa “Neftçi”? Çünki çempionatda əsas rəqabət bu iki komanda arasında gedir...
- Bir faiz şans varsa, o da “Neftçi”dədir.
Mirbağırağa
