"Düzünü desəm, "Liverpul"da nəyin səhv getdiyini bilmirəm" - Klopp

22:50 - 28 İyun 2026

Keçmiş "Liverpul" baş məşqçisi Yurgen Klopp "mersisaydlılar"ın ötən mövsüm Premyer Liqadakı çıxışını dəyərləndirib.

Sportal.az xəbər verir ki, Arne Slotun rəhbərliyi altında “Liverpul” Premyer Liqanı 5-ci pillədə başa vurub. Daha sonra niderlandlı mütəxəssis istefaya göndərilib və komandanın baş məşqçisi vəzifəsinə sabiq "Bornmut" çalışdırıcısı Andoni İraola təyin olunub.

“Bilmirəm nəyin səhv getdiyini. Bu barədə fikir bildirmək üçün artıq kluba kifayət qədər yaxın deyiləm. Bir əvvəlki mövsüm onların Premyer Liqanı qazanmasına çox sevinmişdim, amma növbəti il nə baş verdiyini bilmirəm.

Düşünürəm ki, heç kim belə mövsümdən razı qala bilməz. Bu, aydındır. Amma onlar yenə də növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazandılar ki, bu da böyük uğurdur. İndi isə yeni baş məşqçi Andoni İraola ilə hər şeyə yenidən başlamaq olar. O da Arne Slot kimi güclü mütəxəssisdir. Uğur qazanmaq üçün hamının uzun müddət birlikdə çalışması lazımdır. Üstəlik, bir qədər bəxt də vacibdir.

Ötən mövsüm başlamazdan əvvəl baş verən hadisə (komandanın hücumçusu Dioqo Jotanın avtomobil qəzasında həlak olması) hamı üçün gözlənilməz idi və öhdəsindən gəlmək çətin olan problemlər yaratdı.

Nəyin səhv getdiyini bilmirəm. Amma artıq həmin mövsüm geridə qalıb və indi gələcəyə baxmaq lazımdır”, – deyə Klopp bildirib.

Xəbər xətti