"Kəpəz"in portuqaliyalı futbolçusu Serjio Kosta klubun saytına müsahibə verib.
Sportal.az 25 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:
- Serjio, ilk dövrədə "Kəpəz"in çıxışı haqda nə deyə bilərsən?
- Çempionat maraqlı keçir, ilk dövrədə futbolda olan hər üç nəticəyə imza atmışıq. Düşünürəm ki, 7 xal toplamaq pis nəticə deyil. Əlbəttə, xalımız daha çox olmalı idi. Komandamız daha artığını edə biləcək gücdədi. Məncə, ilk dövrədə ən pis nəticəmiz AZAL-la evdə heç-heçə oynamağımızdı. Onları məğlub edə bilsəydik, həm xal ehtiyatımız artardı, həm də turnir cədvəlində bir pillə irəlidə olardıq.
- Öz oyunun haqda nə deyə bilərsən?
- Ölkənizə gələndə yerli mühitə uyğunlaşmaq üçün xeyli vaxt tələb olundu. Əvvəl hadisələr mən istədiyim kimi getmirdi. Lakin vaxt irəlilədikcə tədricən hər şey yoluna düşməyə başladı. Fikrimcə, oyunumda müəyyən irəliləyişlər var. Bu, mənim Portuqaliyadan kənarda ilk təcrübəmdi. Azərbaycana gəldiyim üçün peşman deyiləm.
- Demək, "Kəpəz"də olmaqdan məmnunsan...
- Bəli, burda hər şey məni qane edir. Klubda yaxşı insanların əhatəsindəyəm. Həm futbolçu, həm də bir şəxs kimi təcrübə qazandım. Baş məşqçimiz Şahin Diniyev də mənə çox kömək edir. Bütün oyunçular bir-biri ilə mehribandırlar, bu da yaxşı haldı.
- Azarkeşlər haqda nə deyə bilərsən?
- Fanatlarımızın çox olması biz futbolçuların ürəyincədi. Onlar həmişə bizi dəstəkləyirlər, həvəsləndirici mesajlar göndərirlər. Gəncədəki ev oyunlarımızda atmosfer lap əla olur. Stadionumuzda yaxşı futbol göstərmək üçün ideal mühit var.
- Sonuncu sual: Komanda yoldaşlarından Dario Frederiko və Alveslə daha yaxın olduğun görünür. Bu nə ilə bağlıdı?
- Komandada hamının bir-biri ilə münasibəti yaxşıdı, futbolçular əla kollektivin bir hissəsidirlər. O ki qaldı sizin sualınıza, biz üçümüz həmişə bir yerdəyik. Eyni dildə danışmağımız da bizə kömək edir. Onu da deyim ki, bir-birimizi illərdi ki, Portuqaliyadan tanıyırıq. Dario ilə vətənimdə bir yerdə oynamışıq. Renanla da münasibətim orda yaranmışdı. Amma böyük dostluğumuz Azərbaycanda qurulub.
