"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze futbolinfo.az saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, sentyabrın 7-də 57 yaşını qeyd edən təcrübəli mütəxəssis karyerası barədə sualları cavablandırıb. O, digər məsələlərə də toxunub.
- 57 yaşınızı necə qeyd etdiniz? Gözləyib təbrik almadığınız insan oldumu?
- Doğum günümü həmkarlarımla bir arada qeyd etdim. Futbolçular kiçik tort gətirdilər. Məhdud bir dairədə ad günümü qeyd etdik. Çoxları təbrik etdi, kimlərsə də unutdu, ya da təbrik edə bilmədilər. Elələri vardı ki, əvvəl təbrik etmişdilər, bu dəfə unutdular. Bu da olan şeydir.
- Yeni yaş üçün futbola dair arzularınız nədir?
- Əlbəttə, əsas arzu odur ki, bu il “Qəbələ”nin qarşısında duran tapşırığı yerinə yetirək. Ən vacibi budur.
- Hələ də həyata keçməyən bir diləyiniz varmı?
- Bəli, əlbəttə, elə arzular var ki, hələ gerçəkləşməyib. Hələ vaxt var, Allah qoysa, öz arzularımı həyata keçirərəm.
- Doğum gününüzdə keçirilmiş hansı oyun sizin üçün hələ də unudulmazdır?
- Belə bir görüş olub. Məsələn, ilk rəsmi seçmə oyununu Gürcüstan yığması 7 sentyabrda Moldova ilə evdə keçirirdi. Komandanın kapitanı da mən idim. Təəssüf ki, həmin görüşdə 0:1 hesabı ilə məğlub olduq. Moldova komandası qapımıza cəmi bir zərbə vurdu və qalib gəldi. Həmin oyunu heç vaxt unutmaram.
- Gənc məşqçilər adətən daha səbrsiz və emosional olurlar. Sizi də insanlar belə tanıyır, adətən çılğın görünürdünüz. İndi vəziyyət necədir?
- Əvvəl daha emosional idim. Düzünü desək, fikirləşirəm ki, indi emosiyalar kifayət edir. Oyun zamanı sadəcə sakit baxa bilmirəm. Hesab edin ki, futbolçularla birgə meydanda oynayıram, ona görə emosiyalar çoxdur.
- Gürcüstanlı olsanız da, artıq 10 ildir Azərbaycan futbolu ilə tanışsınız. “Azərbaycan futbolu” ifadəsini eşidəndə hansı oyunçular və məşqçilər ağlınıza gəlir?
- Sözsüz, ilk növbədə, bu, Qurban Qurbanovdur. O təkcə Azərbaycan futbolunun yox, dünya futbolunun əfsanəsidir. Mətbuat konfransında da dedim ki, Qurbanov mənim üçün hazırda Avropada 5 ən yaxşı məşqçidən biridir.
- Gənc futbolçulara və məşqçilərə hansı məsləhətləri verərdiniz?
- İşləmək, inkişaf etmək lazımdır. Heç bir halda dayanmaq olmaz. Hansı uğur olursa-olsun, istər futbolçu, istər məşqçi inkişaf edib irəli getməlidir.
- Gürcüstan yığmasının 2026-cı il Dünya Çempionatı seçmə mərhələsi oyunlarını izlədinizmi? Nəticələrdən hansı qənaətlər çıxarmaq olar?
- Bəli, əlbəttə, izləyirəm, azarkeşlik edirəm. Çünki mənim ölkəm, mənim komandamdır. Orada oynamışam. Çox möhkəm azarkeşlik edirəm. Gürcüstan yığması hazırda çox güclüdür, Bolqarıstanı da 3:0 uddular. Təəssüf, ilk oyunda Türkiyəyə uduzdular, amma bu, həll olunar. Gürcüstan millisi uğurlara imza atacaq və hər bir gürcünün arzusunu gerçəkləşdirəcək. Onlar keçən il birini reallaşdırıb Avropa Çempionatında oynadılar. Növbəti arzu isə Dünya Çempionatında oynamaqdır. Gürcüstan yığmasına bu seçmə mərhələdə uğur arzulayıram.
saytlarin hazirlanmasi