"Karvan-Yevlax"ın futbolçusu Kayl Spens Sportal.az saytına müsahibə verib.
- "Karvan-Yevlax” bundan əvvəlki turda "Turan Tovuz"a məğlub olaraq Premyer Liqanı tərk etdi. Komandadakı ab-hava yəqin ki, yaxşı deyildi...
- Əvvəla onu deyim ki, bu vəziyyət klubdakı hər kəs üçün məyusedicidir. Bütün mövsüm boyu çox çalışdıq və heç kim bu cür nəticənin olmasını istəmirdi. Amma futboldur, bəzən belə hadisələr baş verir. Hələ qarşıda bir oyunumuz qalıb və peşəkar olaraq diqqətimizi cəmləməli, komanda olaraq bir yerdə olmalı və mövsümü qürurla başa vurmalıyıq.
- Sona bir tur qalmış isə evdə "Qəbələ"yə uduzdunuz...
- Biz hər şeyi etdik, amma sonda bu da kifayət etmədik. İlk hissə yaxşı keçdi, qol şanslarımız da oldu və düşünürəm ki, daha yaxşı komanda idik. İkinci hissə daha açıq futbol getdi. Onlar bərabərlik qolunu vurduqdan sonra geri dönüş etdilər.
- Sizcə, "Karvan-Yevlax" niyə Premyer Liqada qala bilmədi? Əsas problemi nədə görürsünüz?
- Düşünürəm ki, mövsümün bəzi anlarında stabillik çatışmırdı. Hər kiçik detal vacibdir və əsas anlarda diqqəti və ya xalları itirirsinizsə, bu, çox çətinləşir. Amma mən həm də düşünürəm ki, komanda həmişə mübarizə apardı və meydanda hər şeyi etdi.
- Bu mövsüm iki baş məşqçi ilə işlədiniz. Bu, komandanın nəticələrinə nə dərəcədə təsir etdi?
- Əlbəttə ki, mövsüm ərzində baş məşqçi dəyişdikdə bu, komandaya təsir edə bilər. Çünki hər məşqçinin fərqli fikirləri, fərqli taktikaları və fərqli iş tərzi var. Amma eyni zamanda, oyunçu olaraq tez uyğunlaşmalı və peşəkar qalmalıyıq.
- Yeni mövsümə Azərbaycanda başlayacaqsınız? Bildiyim qədəri ilə müxtəlif klublardan təklifləriniz var. Azərbaycanda oynamaqda maraqlısınız?
- Hazırda bütün diqqətim komandamın son oyununa yönəlib. Bəli, Azərbaycan klublarından müəyyən maraq var, amma bütün bunlar mövsümdən sonra agentim tərəfindən həll olunacaq. Mən Azərbaycanda xoşbəxtəm və burada oynamaqdan zövq aldım. Gələcəkdə necə olacağını görəcəyik.
- Yevlaxda yaşamaq və bu stadionda oynamaq sizin üçün maraqlı idi? Azərbaycan Premyer Liqasında sizin üçün ən cəlbedici olan nə idi?
- Yevlax şəxsən mənim üçün fərqli bir təcrübə idi. Çünki daha böyük şəhərlərə daha çox öyrəşmişəm. Amma buradakı insanları bəyəndim və onlar həqiqətən qonaqpərvərdirlər.
- Yeri gəlmişkən, "Sabah" uzun müddətdən sonra "Qarabağ"ın dominantlığına son qoydu. "Qarabağ"a, yoxsa "Sabah"a qarşı oynamaq daha çətin idi?
- "Qarabağ" illərdir dominantlıq edir, ona görə də hər komanda onların nə qədər güclü olduğunu bilir. Amma bu mövsüm "Sabah" da öz keyfiyyətini göstərdi. Şəxsən mən deyərdim ki, "Qarabağ" təcrübəsi, topa sahib olma keyfiyyəti və oyunçular arasında anlaşma sayəsində ən çətin komanda idi. Amma "Sabah" da çox güclü bir mövsüm keçirdi və çox tərifə layiq idi.
Mirbağırağa
