Gürcüstan millisinin azərbaycanlı forvardı: "Azərbaycan yığmasından dəvət var idi"

17:26 - 13 Aprel 2024

Gürcüstanın U-18 yığmasına dəvət edilmiş, əslən azərbaycanlı forvard, “Dinamo”nun (Tbilisi) hücumçusu Yusuf Mehtiyev Sportal.az saytına açıqlama verib.

2006-cı il təvəllüdlü hücumçu Gürcüstan yığmasındakı perspektivindən danışıb. O, bu yaxınlarda Gürcüstanın U-18 yığmasının heyətində Portuqaliyadakı mini-turnirdə iştirakından bəhs edib:

“Hər şey qaydasında idi. Gürcüstanın U-18 yığmasının heyətində Portuqaliyaya yollanmışdım. Portuqaliya və Mərakeş yığmasına qarşı oynadım. Sağolsunlar, məşqçilər mənə şans da tanıdı. Mərakeşlə görüşdə hətta qol da vurdum. Ümumilikdə, hər şeyin çox yaxşı keçdiyini söyləyə bilərəm. Əvvəllər Gürcüstanın U-17 yığmasında da oynamışam. U-18 yığmasındakı bütün uşaqları isə demək olar ki, yaxından tanıyıram. Adaptasiya ilə bağlı hansısa problemim yaranmadı. Demək olar ki, hamısı ilə tanışam. Mehriban, yaxşı kollektivimiz var. Qarşıdakı illərdə Gürcüstanın əsas millisinə düşməyim? Hər şey özümdən asılıdır. Özümü göstərə bilsəm, niyə də olmasın? Mən də bunun üçün çalışıram, məşqlərdə, oyunlarda ən yaxşısını etmək istəyirəm”.

Mehtiyev, Gürcüstanın əsas millisinin Avropa çempionatına vəsiqə qazanmasına da şərh edib: “Gürcüstan millisində çox güclü və istedadlı oyunçular oynayır. Kollektivdə özünəinam hissi də yüksəkdir. Onlar oyunlara inamlı, dəstək atlında və qələbə üçün çıxırlar”.

O, Azərbaycanın U-19 yığmasındakı çıxışının sənəd məsələlərinə görə alınmadığını bildirib: “Bəli, dəvət var idi. Amma sənəd məsələlərinə görə bu baş tutmadı. İndi Gürcüstan yığmasında oynayıram. Portuqaliyadakı toplanışda da ən yaxşısını etməyə çalışdım. Gələcəkdə nələr olacağını zaman göstərəcək”.

Xəbər xətti