Sofian Çakla: "Yeni baş məşqçimizin futbolçuları motivasiya etmək bacarığı çox yüksəkdir" - MÜSAHİBƏ

21:24 - 16 Aprel 2024

"Sabah"ın müdafiəçisi Sofian Çakla Sportal.az saytına müsahibə verib. 

- "Sabah" son turda "Qarabağ"a 3:2 qalib gəldi. Qələbəni necə şərh edərdin?

- "Qarabağ"a qarşı matç çətin alındı. Lakin komanda olaraq yaxşı mübarizə apardıq. Layiq olduğumuz qələbəni qazandıq. 

- Son oyunlarda "Qarabağ" 4:3 qalib gəlmişdiniz, 3:3 hesablı bərabərlik də var idi. Demək olar ki, artıq "Qarabağ" sizin üçün ağır və çətin rəqib deyil? Onlara ən çox qol vuran komandasız....

- "Qarabağ" həmişə çətin rəqibdir. Rəqibin çox geniş, yüksək səviyyəli futbolçulardan ibarət heyəti var. Onlarla oyunlarımız həmişə ağır keçir. Şadam ki, bizim üçün vacib 3 xalı qazandıq.

- Düşünmürsən ki, "Qarabağ" çempionluğunu rəsmiləşdirdiyi üçün bu dəfə o qədər də çətin olmadı?

- Məncə, istənilən halda rəqib bu oyuna ciddi yanaşmışdı. Bunu start heyətinə baxaraq da müəyyənləşdirmək olar. Fikrimcə, azarkeşlər çox maraqlı oyunun şahidi oldular.

- “Sabah” hazırda 5-ci pillədə olsa da, üçüncü pillədə yer alan "Zirə"dən cəmi dörd xal geridə qalır. Səncə, "Sabah" mövsümü ikinci pillədə başa vuraraq, avrokuboklara vəsiqə qazana biləcək?

- Bizim məqsədimiz məhz budur. Bunun üçün sona kimi mübarizə aparacağıq. İnanıram ki, komanda olaraq bu hədəfimizə çatacağıq.

- Ötən mövsüm "Qarabağ"la çempionluq uğrunda mübarizə aparırdınız, amma bu mövsüm eynisini görmədik. Səncə, bu dəfə niyə alınmadı?

- İndi keçmişi unudub, bu günü və gələcəyi düşünməli və keçmişdə buraxdığımız səhvləri təkrarlamamalıyıq. Yeganə çıxış yolu dünənkindən daha çox çalışmaqdır.

- Krunoslav Renduliçin gəlişindən sonra komandada nəsə dəyişib?

- Fikrimcə, onun futbolçuları motivasiya etmək bacarığı çox yüksəkdir. Bu komandaya çox yaxşı təsir edir. Onun rəhbərliyi altında çalışmaq xoşdur.

- Növbəti turda "Sabah"ın rəqibi "Kəpəz" olacaq. Onları məğlub edə biləcəyinizi ehtimal edirsən?

- "Kəpəz"ə hörmətlə yanaşırıq. Bizi çətin oyunun gözlədiyini bilirik. Amma bütün oyunlara olduğu kimi bu matça da qələbə üçün çıxacağıq.

Mirbağırağa

Xəbər xətti