"Turan Tovuz"un futbolçusu Emmanuel Hakman Sportal.az saytına açıqlama verib.
Toqolu futbolçu komandasının Misli Premyer Liqasının 35-ci turunda “Sumqayıt”a qarşı(0:1) keçirilmiş görüşü şərh edib:
"Yaxşı oyun oldu. Çətin matç alındı. Amma qalib gəldik. Fikrimcə, "Sumqayıt"a qarşı ümumilikdə yaxşı oyun oynadıq. Bəli, biz qalib gəldik və 4-cü yeri rəsmiləşdirdik. Amma biz rahatlaşmaq fikrində deyilik. Son matçı da qalib gəlmək istəyirik ki, finişi yaxşı başa vuraq".
Hakman, komandasının avrokuboklarda vəsiqə qazanmaq şanslarını da dəyərləndirib: “Bu mövsümü "Turan Tovuz" üçün yaxşı hesab edirəm. Biz çox çalışdıq, əlimizdən gələni etdik. Futboldur da, bəzən çətin olur. Çoxlu zədəlilərimiz də oldu. İstənilən halda 4-cü pillədəyik. Fikrimcə, pis nəticə deyil. Bəli, "Qarabağ" "Sabah"a qalib gələrsə, biz avrokuboka yollanacaq. Oyunu da təbii ki, baxacağıq. İnanıram ki, "Qarabağ" finalda qalib gələcək və biz avrokuboklara yollanacağıq”.
O, Tovuz klubunda qalıb-qalmayacağı haqda isə bu cür danışıb: “Düzü, hələ heç nə bilmirəm. Bəli, qalmaq istəyərəm. Mən burada özümü xoşbəxt hiss edirəm".