Elmar Baxşıyev: "Bizi daha çətin və məsuliyyətli bir futbol ili gözləyir"

18:24 - 27 May 2025

Bu gün “Araz-Naxçıvan”la yeni müqavilə imzalayan baş məşqçi Elmar Baxşıyev klubun saytına açıqlama verib.

Sportal.az 44 yaşlı  mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

“Rəhbərliklə görüşdük, həm başa çatan mövsümü müzakirə etdik, həm də yeni futbol ili ilə bağlı fikirlərimizi bölüşdük. Danışıqlar uğurlu alındı və “Araz-Naxçıvan” layihəsində işimi davam etdirmək qərarına gəldim. Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik. Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü. Çətinliklərə baxmayaraq, tarixində ilk dəfə medalçılar sırasına düşdü, avrokuboklarda oynamaq imkanı qazandı. Ortaq məxrəcə gəldik ki, bu uğurlu qrafiki birgə davam etdirək. Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq.

Əlbəttə, bizi daha çətin və məsuliyyətli bir futbol ili gözləyir. Artıq planlar məlumdur. Komanda 2 mərhələdən ibarət hazırlıq keçəcək. Əvvəlcə Bakıda toplaşacağıq. Həmin vaxta qədər komandanı komplektləşdirməyə çalışacağıq. Heyətimizdə dəyişikliklər olacaq. Ayrılanlarla bərabər, yenilər də gələcək. Bununla bağlı zamanla məlumat veriləcək. Axtarışlarımız başlayıb. Türkiyədə isə yoxlama oyunları keçirməklə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Sparrinq-rəqiblərimiz qarşıdakı günlərdə məlum olacaq”.

Xəbər xətti