"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" qələbəyə layiq idi"

22:17 - 12 Avqust 2025

"Qarabağ" UEFA Çempionlar Liqasında bu gün III təsnifat mərhələsinin cavab görüşündə "Şkendiya"nı 5:1 hesabı ilə darmadağın edərək pley-offa vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Beqiri jurnalsitlərin suallarını cavablandırıb:

- Bakıya mərhələ keçmək üçün gəlmişdiniz, amma tam fərqli nəticə oldu. Bunu necə izah edərdiniz?

- İlk növbədə "Qarabağ"ı və azarkeşlərini təbrik edirəm. "Qarabağ" qələbəyə layiq idi, bizdən çox yaxşı oynadılar. Oyuna gəldikdə, 1:5 uduzmuşuqsa, oyunla bağlı danışmağa çox sözüm yoxdur. Biz birinci hissədə çox pis oynadıq və 4 qol buraxdıq. Sabahdan oyunu analiz edəcəyik və Avropa Liqasının pley-off mərhələsi üçün motivasiya tapmağa çalışacağıq. "Qarabağ"a uğurlar arzulayıram.

- İlk oyunda fiziki problem yaşadığınızı demişdiniz. Sizcə, bu gün fiziki problem məğlubiyyətinizə səbəb oldu, yoxsa "Qarabağ"ın keyfiyyəti və səviyyəsi təsirini göstərdi?

- Çox səbəb var. İntensivlik və fiziki problem. Ən birinci problem odur ki, erkən qollar buraxdıq. Bu məsələdə problemləri həll etməliyik. Bizim çempionatla müqayisədə Çempionlar Liqasında gərginlik çox yüksəkdir.

- Bu hesab sizin üçün sürpriz oldu, yoxsa gözləyirdiz?

- 1:5 nəticəsini gözləmirdik. Daha yaxşı oynayıb, daha yaxşı nəticə istəyirdik. Bizim üçün əhəmiyyətli olan təcrübələrdən dərs çıxarmaqdır. Bu oyunlardan nəsə öyrənməyə çalışacağıq.

Xəbər xətti