"Bundan əvvəl də yaxşı təkliflərim olub, amma "Qəbələ"də qalmağa üstünlük vermişəm"

12:46 - 2 İyun 2026

"Qəbələ"nin kapitanı Murad Musayev Sportal.az saytına açıqlama verib.

Bölgə klubunun müdafiəçisi Misli Premyer Liqasında qalmaq uğrunda keçirilmiş pley-off görüşündə "Mingəçevir" üzərində qalib gəlməkləri haqda da fikirlərini bildirib.

Bununla yanaşı, o, "Qəbələ"də qalmaq istəyindən bəhs edib:

"Əlbəttə, bizim üçün ilk növbədə önəmli olan Premyer Liqada qalmaq idi. Bu, hansı yolla olursa-olsun Premyer Liqada qalmalıydıq. Vəziyyət elə alındı ki, liqada qalmaq üçün pley-off oynamalı olduq. Premyer Liqada qaldığımız üçün sevincliyik. Fərqi yoxdur, pley-off, yoxsa belə. Əsas odur ki, "Qəbələ" Premyer Liqada yoluna davam edəcək. Düzdür, pley-off oynamağımız bizi bir az üzdü. Biz liqada daha yaxşı vəziyyətdə qalmaq istəyərdik. Amma əsas odur ki, liqada qaldıq, buna da şükür. "Mingəçevir"lə görüşə gəldikdə, startda komandada bir az gərginlik var idi. Bu da normaldır. Çünki rəqibin itirəcəyi heç nə yox idi. Bizim üçün itirəcəyimiz çox şey var idi. Bunun verdiyi bir az gərginlik, narahatılıq var idi. Amma oyun başlayandan 5-6 dəqiqə sonra o da itdi. Qələbə qazanmağımız gözlənilən idi. Bu da normal haldır. Çünki Premyer Liqa ilə I Liqa arasında fərq var. Bunu da hamı yaxşı bilir. Şükürlər olsun ki, böyük sürpriz baş vermədi və istədiyimiz nəticəni əldə etdik. 

"Qəbələ" ilə müqaviləm başa çatıb, bitib. Hər zaman "Qəbələ"də qalmağa, burada oynamağa üstünlük vermişəm. Bundan əvvəlki illərdə daha yaxşı təkliflər də olub, amma mən hər zaman "Qəbələ"də qalmağa üstünlük vermişəm. Çünki bu klub mənim üçün doğmadır, əzizdir, bu klubun yetirməsiyəm, bu klub üçün əlimdən gələni etməyə çalışıram. Yəqin ki, "Qəbələ"də qalacam, ya gedəcəm yaxın zamanlarda biləcəyik. Komandanın baş məşqçisi, rəhbərliyi var. Onlar nə qərar versə, biz də ona uyğun hərəkət edəcəyik. Hər bir halda, "Qəbələ" mənim üçün çox önəmlidir".

Mirbağırağa

Xəbər xətti