Millət vəkili:"İmişli" stadiona tam sahiblənmək istəyir"

13:17 - 1 İyun 2026

Doğma şəhərdə oynaya bilməyən “İmişli”nin problemi millət vəkilinin də diqqət mərkəzindədir. İmiçlidən olan deputat Razi Nurullayev mövcud stadion problemindən xəbərdardır.

Sportal.az xəbər verir ki, Nurullayev “Futbolinfo”ya müsahibəsində bu barədə danışıb:

“Mən daim stadion məsələsi ilə məşğul oldum. Əvvəlcə Həmkarlar İttiqafı ilə danışdım, çünki arenanın onların balansında olduğu deyilirdi. Sonra köhnə MKT-nın adı hallandı. O qədər məsələlər ortaya çıxdı ki, axırda “İmişli” bu variantdan imtina etdi. Yəni stadionun yiyəsi tapılmadı. Klub isə arenanı götürüb yatırım edirsə, oranın özünə aid olduğunu bilməlidir. Stadion məsələsinin həllini tapması üçün xeyli pul tələb olunur. 5-6 hektar yer lazımdır ki, İmişlidə bu cür boş torpaq sahəsi, demək olar, qalmayıb. Hazırda müəyyən işlər aparılır. Mənə verilən məlumata görə, yaxın zamanda torpaq problemi həllini tapacaq və stadionun tikintisinə başlanacaq. Yaxın 2-3 ildə “İmişli”nin öz stadionunda oynayacağına ümid edirəm. Yenə də bu məsələni diqqətdə saxlayacağam. Klubun prezidenti Kamran Eyyubova da demişəm ki, hansısa kömək lazım olsa, mənə müraciət etsin. Hazır olan stadionlara gəlincə, özünüz də bilirsiniz ki, futbol biznesdir. Bu oyunda xeyli maraqlar var. Buna görə “İmişli” stadiona tam sahiblənmək istəyir. Yoxsa yenə qarışıqlıq yaranacaqsa, məsələ tam həll olunmayacaqsa, pul yatırmaq istəmirlər. Mən bu yanaşmanı doğru sayıram”.
Nurullayev doğma rayonunun komandasının Qubada oynamasını məcburi addım sayır:

“Təəssüf ki, “İmişli” doğma stadionu hazır olmadığına görə başqa yerlərdə oynamağa məcbur qaldı. Klub rəhbərliyi ilə telefonla danışırıq. Son vaxtlar işlərimin çox olması görüşməyimizə imkan vermir. Bu günə qədər kluba vacib məsələlərin həllində əlimdən gələn köməyi etmişəm. Yaxşı komanda qurulub, sponsor var. Hazırda işlər normal gedir. Düşünürəm ki, hər hansısa problem yaranarsa, xəbər verəcəklər, mən də bacardığım qədər yardım edəcəyəm”.

Xəbər xətti