Elmar Baxşıyev: "Rəhbərlik futbol oynamır, nəticə və komandaya cavabdeh şəxs mənəm"

21:36 - 13 Aprel 2024

"Müəyyən çatışmazlıqlar var idi, onlar da göründü. Amma gələcəyə ümid verən müsbət məqamlar da var idi".

Sportal.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 30-cu turunun "Neftçi"yə qarşı keçirilmiş oyundan sonra mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- İstədiyiniz komandanı görməyiniz üçün nə qədər vaxt lazımdır?

- Mövsümün sonuna 6 tur qalıb. Çalışacağıq ki, növbəti matçlarda yaxşı çıxış edək. Rəhbərliyin layihəsi məni cəlb etdi. Mən də dərhal çox düşünmədən, təklifi qəbul etdim.

- Komandanın rəhbərlik ilə bağlı problemi olduğu iddia olunur. Bu sizi çəkindirmir?

- Beş gündür ki, komandadayam. Məni tanıyan hamı bilir ki, komandadayamsa, burada cavabdeh şəxs mənəm. Rəhbərliklə görüşdə də, öz tələblərimizi açıqlamışıq. Siz nəyi nəzərdə tutursuz? Rəhbərlik futbol oynamır. Ümumi işin daha da yaxşılaşdırılacağına çalışacaqlar. Mənə söz veriblər. Futbolçular mənim rəhbərliyim altında məşq edib, oyunlara hazırlaşırlar.

- Komandaya və sizə rəhbərlik tərəfindən müdaxilələr edilməyəcək?

- Niyə olunmalıdır ki? Mənə inanab gətiriblərsə, nəticə və komandaya cavabdeh şəxs mənəm. Məndən qabaq nə olub...İnanıram ki, mənimlə belə davam edəcəklər.

- Rəhbərlik sizin qarşınıza hansı hədəfi qoyub? Avrokuboklara yollanmağınız realdır?

- Avrokuboklara da hazır olmaq lazımdır. Sadəcə, rəhbərliklə söhbətimiz olanda, bizdən daha müqavimətə dözümlü komanda yaratmağımı istədilər. Gəldik və avrokuboklara oynamalıyıq deyə, anlayış yoxdur. Komanda olaraq, ona da hazır olmalısan, onun üçün oyunçulara sahib olmalısan. Yəni, bu istəklə olunan bir şey deyil. Gündəlik iş prosesidir ki, onları qaydasına qoyduqdan sonra komanda özü də həmin iddianı bizə qaytaracaq. Altı tur qalıb. Hər oyuna maksimum nəticə üçün çıxmaq məcburiyyətindəyik. Oyun keyfiyyətini daha da yaxşılaşdırmaq lazımdır ki, gələcəkdə komanda daha yeni pilləyə yaxınlaşsın. Birinci ilin komandasıyıq. Siz bu komandadan başlayan kimi, nəsə gözləməyin. Bu komanda günü-gündən oyun planında inkişaf etməlidir. O yerinə düşdükdən sonra, iddiadan daha rahat danışmaq olar.

- "Neftçi" bu gün nəyin hesabına "Araz-Naxçıvan"ı üstələdi? Yenidən taktika verməli olsaydız, nələri dəyişərdiz?

- Birinci və 45-ci dəqiqədə qollar buraxdıq. Bu da konsentrasiyanın aşağı olmasından irəli gəlir. Biz səhv etdik, rəqib də yararlandı. "Neftçi"nin bizdən üstün oynadığını düşünmürəm.

Mirbağırağa

Xəbər xətti