"Zədələr futbolçunun karyerasına təsirini göstərir" - Militao ilə Braziliya yığmasında oynamış "İmişli"nin müdafiəçi 

11:22 - 22 Dekabr 2025

"İmişli"nin müdafiəçisi, vaxtı ilə Braziliyanın U-17 yığmasının kapitanı olmuş Ronaldo de Souza Sportal.az saytına müsahibə verib.

- “Zirə” ilə görüşdə bu dəfə də uduzmadınız. Birinci dövrədə də də onlarla bərabərə qalmışdınız. “Zirə”yə qarşı xüsusi hazırlaşırsız?

Hər iki oyunda rəqibə qarşı yaxşı hazırlaşmışdıq. Başa düşürdük ki, “Zirə” yüksək keyfiyyəti olan komandadır. Avropa yarışlarında da iştirak etmiş klubdur. Bu cür rəqibdən xal qazanmaq özümüz üçün müvəffəqiyyət sayıla bilər. Əlimizdən gələni etdik ki, bu matçlarda onlara uduzmayaq.

- “Zirə”nin vurduğu qol VAR-a baxıldıqdan sonra ləğv edildi. “İmişli” tərəfdən həmin epizoda ən yaxın futbolçu sən idin. Bu epizodla bağlı qərar vermək üçün 10 dəqiqə lazım gəldi. Ümumiyyətlə, VAR-da hakimlərin bu qədər gec qərar verməsini necə şərh edərdin?

Ola bilər ki, videoda görüntü o qədər də keyfiyyətli deyil. Ona görə də, hakimlər üçün ofsayd xətlərini çəkmək çətin gəlir. Amma baş hakimin gördüyünü biz də gördük. Rəqibin futbolçusu ofsaydda idi.

- Mövsümün əvvəlində “İmişli”dən gözləntilər yüksək olmasa da, normal çıxış edə bildiniz. Maksimunuz budur, yoxsa daha yaxşısını etmək mümkün idi?

Bu günə qədər nəticələrimiz qənaətbəxşdir. Əlbəttə ki, bundan artığını da qazana bilərdik. Qubadakı matçda “Sumqayıt”la görüşdə bizə texniki məğlubiyyət verildi. Komandamız gəncdir, oynadıqca futbolçular da bir-birinə öyrəşir. Fasilə olacaq. Futbolçular daha yaxşı bərpa olacaq və mövsümün ikinci yarısında daha çox xal yığmağa layiqli komandayıq.

- Braziliyanın U-17 yığmasının kapitanı olmusan və həmin vaxtı hətta müdafiənin mərkəzində “Real”ın futbolçusu Eder Militao tandem təşkil etmisiz. Maraqlıdır ki, Militao hazırda "Real"da, sən isə “İmişli”də çıxış edirsən. Bunu nə ilə əlaqələndirirsən?

- Bəli, Braziliya yığmasında birlikdə oynamışıq, dünya çempionatını da xatırlayıram. Uzun illər keçib o vaxtdan. Eder Militao böyük oyunçudur, yüksək keyfiyyətə malikdir. Amma futbolda hər zaman fərqli yollar olur. Zədələr futbolçunun karyerasında öz sözünü deyir. Üstəlik, 17 yaşından sonra hansı liqada oynamağının da təsiri olur. Əlbəttə ki, bunların hər biri futbolçunun karyerasını öz-özünə qurmuş olur. Hər halda, ona da uğurlar arzulayıram. Mən də indi "İmişli"dəyəm və burada özümü xoşbəxt hiss edirəm. 

- Eder Militao ilə münasibətin qalıb, onunla danışırsan?Ən azından sənin Azərbaycanda oynadığını bilir?

Yox, düzünü deyim hazırda Militao ilə danışmırıq. Amma instaqramda bir-birimizi izləyirik. 

- “İmişli” sənin üçün “Qarabağ”, “Sabah”, “Neftçi” kimi iddialı klublara keçmək baxımından yaxşı tramplin sayıla bilər, yoxsa bu haqda heç düşünmürsən?

Hər oyunçunun fərdi hədəfi daha yüksək komandalarda oynasınlar. Sadaladığınız komandalar avrokuboklarda da iştirak edirlər. Əlbəttə ki, hər bir futbolçu bunu istəyər. Amma mən hazırda özümü “İmişli”də xoşbəxt hiss edirəm. Bütün diqqətim də bu komandanın oyunlarındadır. Biz yaxşı oyun göstəririk, yaxşı kollektivimiz var. Böyük təkliflər gələndə, oyunçular buna baxır, müzakirə edir. Lakin dediyim kimi, indi yalnız “İmişli”dəki çıxışıma fokuslanmışam.

Mirbağırağa


Xəbər xətti