"Mətbuatda yayılan xəbərlər yalnız şayiədir" - "Şəfa"nın baş məşqçisi

12:22 - 12 Aprel 2026

"Səbail"ə qarşı oyun çox gərgin və maraqlı alındı. Belə olacağını da bilirdik. Çünki derbi oyunları hər zaman ağır olur. İlk hissədə hər iki tərəfin qol epizodları var idi, fasilədən sonra isə daha üstün tərəf biz olduq və sonda da qələbə qazandıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib. I Liqanın 21-ci turunda əsas rəqiblərindən olan "Səbail"i 2:1 hesabı ilə məğlub edən "Şəfa" xal ehtiyatını artıraraq liderliyini qoruya bildi. Liderin çalışdırıcısı bu mövsüm komandasının yeganə yenilgisi olan "Mingəçevir"ə(5:2) qarşı matçı da xatırlayaraq, buları deyib: 

"Məğlubiyyət nə vaxtsa olmalı idi. "Mingəçevir" də iddialı və ən keyfiyyətli komandalardan biridir. Səfərdə oynamağımız isə əlavə çətinlikdir. Lakin hesabın böyük olması oyunun gedişatı ilə əlaqəli deyildi. Həmin matçda hətta qalib də gələ bilərdik. Amma oyunun sonlarında hesabda geridə idik deyə, irəli atılmağa məcbur qalmışdıq. Bu isə müdafiədə boşluqların yaranmasına səbəb oldu. Rəqib də keyfiyyətli olduğu üçün bu boşluqlardan maksimum yararlana bilmişdi. Amma həmin görüşü analiz etdik, geridə qaldı. "Səbail"lə matça qələbə üçün çıxdıq və istədiyimiz nəticəni qazandıq".

Kərəmli, bir müddətdir ki, mətbuatda baş məşqçi postundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə də qısa münasibət bildirib: "Bu məsələ haqda yalnız onu deyə bilərəm ki, mətbuatda yayılan xəbərlər yalnız şayiədir".

Mirbağırağa

Xəbər xətti