Lars Lagerbek: "Azərbaycan millisi müdafiədə ciddi təsir bağışlayır" MÜSAHİBƏ

14:52 - 31 Avqust 2017

Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, isveçli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bölüşüb.


- Oyuna hazırıq. Son oyunda müdafiədə yaxşı təsir bağışladıq. Hücum etməyə də çalışacağıq. Azərbaycan millisi də çox yaxşı komandadır. Bu səbəbdən, maraqlı futbol alınacağına ümidvaram.

 

- Heyətdə hər hansı problem var?
- Heç kim ciddi zədəli deyil. Hamı futbol oynaya biləcək və matça hazırdırlar.

 

- Bakıdakı ilk oyunu yəqin ki, izləmisiniz. Sizcə, Norveç millisi niyə uduzdu və komandanızda nə çatmadı?
- Əlbəttə, televiziya vasitəsilə baxdıq. Hansısa nəticə çıxarmaq çətindir. Oyun elə alındı ki, Azərbaycan güclü oldu. Biz də matça hazırlaşacağıq və ümidvaram ki, qalib gələcəyik.

 

- Oyuna necə hazırlaşmısınız?
- Komandamız yaxşı hazırlaşıb. Xüsusən, müdafiəyə diqqət ayırmışıq. Çünki son 2 oyunda problemlər var idi. Azərbaycan millisi də müdafiədə ciddi təsir bağışlayır. Hələ hansı oyun üslubuna üstünlük verəcəyimizi deyə bilmərəm.

 

- Aleksandr Sorlot son zamanlar yaxşı təsir bağışlayır. Ona sabahkı oyunda şans verəcəksiniz? 
- Yaxşı formadadır. İkinci mərtəbədə yaxşı oynayır. İnanırıq ki, bu dəfə də ümidlərimizi doğruldacaq.

 

- İki hücumçudan necə yararlanmaq niyyətindəsiniz?
- Onları birgə istifadə etmək çətindir. Yarımmüdafiə ilə əlaqələrindən də çox şey asılıdır. Çalışacağıq ki, onlardan səmərəli yararlanaq.

 

- Hansı cinah oyunçularından yararlanmaq niyyətindəsiniz?
- Ardıcıl 2 oyun keçirəcəyik. Hamısından tam həcmdə hər 2 qarşılaşmada yararlanmaq lazımdır. İlk matçda hücumda yaradıcı oyun sərgiləyənlərdən, ikincidə isə müdafiəyə kömək edənlərdən istifadə edəcəyik.

Xəbər xətti