İstedadı var, istedaddan başqa heç nəyi? - Elvin Cəfərquliyevlə bağlı naməlumluq

16:15 - 19 May 2026

Hər istedaddan böyük futbolçu olmur. Hətta böyüyüb, həmin böyüklüyə tab gətirməyənləri də görmüşük. Belələrinin ən irəli gedəni yəqin ki, braziliyalı Ronaldo olub. Onu həm dövrünün, həm də bütün  dövrlərin ən güclü futbolçusu sayanlar da az deyil. 

Lakin əyləncəyə həddən meyilli olması, üzərində lazımınca çalışmaması zədələrə səbəb oldu, karyerasının daha parlaq alınmasını əngəllədi. Ronaldo özü də etiraf edib ki, "Real"da 9 kq artıq çəkiylə oynayıb, rejimə riayət etməyib. 

Nəinki Elvin Cəfərquliyev, Azərbaycanda heç vaxt Ronaldo ilə müqayisəyə gələcək futbolçu olmasa da, məhz belə bir adamı nümunə gətirməklə vəziyyətin ciddiliyini çatdırmaq istəyirik. Yəni, bu futboldan kənar həyat kimləri xərcləyib, Elvinə qarşı çətin ki daha yumşaq davransın. 

"Qarabağ" Cəfərquliyevi transferə çıxarıb. Qurban Qurbanov onu bağışlamaq istəmir. Səbəbini dəqiq bilməsək də, nəsə ciddi bir şey olduğu şübhəsizdir. Çünki Qurban Qurbanov hər zaman futbolçularını qorumağı üstün tutan, söz-söhbətlərin bazadan çıxmasını əngəlləyən mütəxəssisdir. İndi gör, nə baş verib ki, Qurban müəllim Elvinin adını belə eşitmək istəmir. 

Bəs, indi necə olsun? Elvin Cəfərquliyev üçün real təklif göndərən klub yoxdur. Naməlumluqdur. Bax belə... Deyəsən, Elvin istedadına aşırı güvənib. Bəlkə də elə bilirdi, ona görə "Qarabağ"ın qapısını döyən çox olacaq. Yəqin indi özü də görür ki, "gəl-gəl deyən çox olar, çörək verən az"!

Fikrət

Xəbər xətti