Qırğızıstanın “Ozgon” klubunda oynayan Orxan Əliyev Sportal.az saytına müsahibə verib.
Qırğızıstan çempionatında mövsümü ikinci pillədə başa vurdunuz. İstədiyinizi əldə etdiniz?
Mövsüm ümumilikdə yaxşı keçdi. Təbii ki, hər zaman insan daha çoxunu istəyir. Biz çempionata böyük ambissiya ilə başladıq və çempionluq üçün oynamaq istəyirdik. Təəssüf ki, mövsümü ikinci pillədə başa vurduq. Layiqli oynadıq, amma bəzi anlarda daha yaxşı oynayıb, daha çox xal toplaya bilərdik. Futbolda hər zaman daha çox işləməyə yeriniz var. Əsas odur ki, komanda sona qədər mübarizə apardı.
Çempion olan “Bars” sizdən çox güclü idi?
Onları çempionluq münasibəti ilə təbrik edirəm. Onlar çox yaxşı mövsüm keçirdilər. Layiqli şəkildə də birinci yerdə oldular. Komandaları müqayisə etsək, hər şeyi detallar həll etdi: stabillik, konsentrasiya və epizodları reallaşdırmaq. Bu cür çempionatlarda qələbə yaxın görünən matçlarda da xal itirmək olmaz. Ola bilsin ki, bizdə məhz bu yöndə çatışmazlıq oldu.
Bəs özün üçün mövsümü necə dəyərləndirirsən? Səkkiz qol vurmağı bacardın...
Mən hücumçuyam və vəzifəm komandama vuracağım qollarla kömək etməkdir. Daha çox qol vurmaq üçün imkanım da oldu. Statistikamın daha yüksək olmasını istəyərdim. Ancaq əsas olan komandanın nəticəsidir.
Yeri gəlmişkən, komanda yoldaşın Ramin Əhmədov 14 qolla bombardirlər siyahısında yer aldı. Onun haqda hansı fikirdəsən?
Ramin əla mövsüm keçirdi. 14 qol vurmaq ciddi göstəricidir. Onun adına çox sevinirəm, axı biz həm də həmyerliyik. Azərbaycanlı futbolçuların xaricdə yaxşı nəticələr əldə etdiklərini görmək hər zaman xoşdur. Ümid edirəm ki, o, əldə etdikləri ilə kifayətlənməz və daha çox qol vurmağa davam edər.
Yeni mövsüm səni “Ozgon”da görəcəyik, yoxsa Azərbaycana geri qayıtmağı planlaşdırırsan?
Hazırda hadisələri qabaqlamaq istəməzdim. Futbolla bağlı müəyyən iddialarım var və yaxşı təkliflərə hər zaman açığam. Əlbəttə, Azərbaycan mənim vətənimdir və orada oynamaq həmişə maraqlı və xoş təcrübədir. Lakin hazırda mənim üçün əsas məsələ, karyeramın gələcək inkişafı baxımından ən düzgün variantı seçməkdir. Görək, hadisələr necə cərəyan edəcək. Əsas odur ki, yüksək səviyyədə çıxış etməyə və irəliləməyə davam edim.
Heç millidən dəvət gözlədiyin vaxt oldu?
Təbii ki, hər bir futbolçu bir gün öz ölkəsinin milli komandasına dəvət almağı arzulayır. Mən buna oyunumla nail olmağa çalışıram; çox zəhmət çəkirəm və həmişə əlimdən gələnin ən yaxşısını ortaya qoyuram. İnanıram ki, uğurlu mövsüm keçirmək və qol vurmaq baxımından yaxşı formada olmaq düzgün istiqamətdə atılmış vacib addımlardır. Ümid edirəm ki, göstərdiyim oyun Azərbaycan milli komandasının məşqçilər heyətinin diqqətindən yayınmayacaq. Ölkəmi beynəlxalq səviyyədə təmsil etmək mənim üçün böyük şərəf olardı. Bununla belə, dərk edirəm ki, hər şey mənim gərgin əməyimdən və sabit oyunumdan asılıdır.

