Azərbaycanın U-20 futbol millisi bu gün keçirilən yoldaşlıq görüşündə İraqın müvafiq yaş qrupu üzrə yığması ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, qolsuz bərabərliklə (0:0) yekunlaşan qarşılaşmadan sonra Azərbaycan millisinin baş məşqçisi Ruy Jorje mətbuat konfransında iştirak edib. Portuqaliyalı mütəxəssis komandasının çıxışını dəyərləndirərək futbolçularının göstərdiyi performansdan razı qaldığını bildirib:

“Oyunun müəyyən hissələrində keyfiyyətli futbol nümayiş etdirdik. Düşünürəm ki, qarşılaşma ərzində müdafiədə etibarlı çıxış etdik. Topun hərəkətində bir qədər lənglik hiss olunurdu. Bununla belə, ilk hissədə üç təhlükəli qol fürsəti yaratmağı bacardıq. Həmin epizodlardan daha səmərəli istifadə edə bilərdik. Eyni zamanda, güclü külək hər iki komandanın oyununa müəyyən təsir göstərirdi.

Futbolçularımın çıxışından olduqca razıyam. Onlar verdiyim tapşırıqları yerinə yetirməyə çalışır və tələblərimə müsbət cavab verirlər. Əsas hədəfimiz inkişafımızı davam etdirməkdir. Ümumilikdə, komandanın hazırkı vəziyyəti məni qane edir. Hər bir futbolçu millinin heyətində yer almağa layiq olduğunu sübut etməyə çalışır.

Mənim vəzifəm digər məşqçilərin fəaliyyətinə müdaxilə etmək deyil. ‘Neftçi’ və ‘Sabah’ın əvəzedici komandalarının baş məşqçiləri ilə mütəmadi əlaqə saxlayır, futbolçular barədə fikir mübadiləsi aparırıq. Lakin bu, onların işinə qarışdığım anlamına gəlmir. Eyni şəkildə, onlar da mənim fəaliyyətimə müdaxilə etmirlər”.