"Artıq 7 tur geridə qalıb. İndidən çempionatı tam qiymətləndirmək düzgün olmaz, çünki qarşıda bizi hələ çox oyun gözləyir".

Sportal.az xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında I Liqada mübarizə aparan "Karvan-Yevlax"ın baş məşqçisi Ramiz Məmmədov deyib.

Təcrübəli mütəxəssis komandasının geridə qalan turlardakı çıxışını dəyərləndirib:

"İndiyə qədər topladığımız xallar "Karvan-Yevlax" üçün qənaətbəxşdir. Komanda olaraq yavaş-yavaş qarşıya qoyduğumuz məqsədlərə və istədiyimiz nəticələrə nail oluruq. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə də bizim üçün faydalı oldu. Bu müddət zədəli futbolçularımızın bərpa olunaraq sıraya qayıtmasına imkan yaratdı".

Məmmədov növbəti turda "Xankəndi" ilə keçiriləcək qarşılaşma barədə də danışıb:

"Növbəti turda "Xankəndi" ilə Xankəndi şəhərində qarşılaşmağımız hamımız üçün qürurverici hadisə olacaq. Vaxtilə işğal altında olan, hazırda isə yenidən qurulan gözəl şəhərimizdə futbol oynamaq xüsusi əhəmiyyət daşıyır. Düşünürəm ki, bu qarşılaşma təkcə komandalarımız üçün deyil, bütün futbolsevərlər üçün əsl bayram olacaq. Bu şəhərdə meydana çıxmaq və futbol oynamaq hər birimiz üçün şərəfdir".

Qeyd edək ki, Peşəkar Futbol Liqasının qərarına əsasən noyabr ayının 19-da I Liqanın 8-ci turu çərçivəsində "Xankəndi" – "Karvan-Yevlax" matçı Xankəndi şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 16:00-da start götürəcək.