Milli komandamızın nə vaxtsa uğurlu sayılacaq xüsusi bir dönəmi olmayıb. Ayrı-ayrı dövrlərdə öz çapımızda seçilən oyunçularımız yer alıb millidə. Müqayisə ilə götürsək, ilk dəfə Robert Prosineçkinin vaxtında komanda şəklində yığmamız nəsə göstərməyə cəhd edib.
Bu da xorvat mütəxəssisin tək məşqçilik bacarığı yox, həm də dünyagörüşü hesabına reallaşıb. Baxıb gördü ki, yığmanın əsas oyunçuları "Qarabağ"dan gəlir. Prosineçki də ağıllı adam kimi intriqalara baş qoşmayıb Qurban Qurbanovla yaxşı münasibət qurdu, onun sistemini daşıdı milliyə. Buna görə də əksəriyyət o vaxtlar yığmanın da "Qarabağ"ın tərzində oynadığını deyirdi.
Sonra Qurban Qurbanov özü keçdi yığmanın başına. Qurbanov o vaxtdan millidə qalsaydı, indiyə daha yaxşı komanda görə bilərdik. Bu barədə çox danışılıb, Elxan Məmmədov "sağ olsun" deyib, həmin hadisələri yenidən vərəqləməyib keçirik üstündən.
Ondan sonra gələn Yurçeviç... Vallah, nə biz başa düşdük o adam burada nə gəzirdi, elə bilirəm ki, nə də özü! Bunu bir o vaxtkı baş katib Elxan Məmmədov bildi, bir də Allahı.
Sonrakı illərdə də millimiz günbəgün geriləməyə davam etdi. Axır gəlib o günü də gördük ki, yığmamız burada heç nəyə yaramayan əcnəbilərdən sonra öz məşqçimizə tapşırıldı. Yüz faiz doğru qərar idi. Uduzmaqdısa, elə özümüzünkü uduzar da, əcnəbiyə nə lüzum.
Millətlər Liqasında qrup birincisi olan Ayxan Abbasov tapşırığın öhdəsindən gəldi! Yaxşı elədi bunu, pis elədi, bu, artıq təfərrüatlardı. Əksəriyyət daha yaxşısını gözləyirdi. Amma bunun üçün də gözləntilərimizin reallıqla nə qədər üst-üstə düşdüyünü dəqiq müəyyənləşdirmək lazımdır.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev maraqlı fikir səsləndirib. O, praqmatik futbolun tərəfdarı olduğunu deyib. Hətta millimizin gələcəkdə daha yaxşı oynaması üçün indidən uşaq komandaların da müdafiə futbolu sistemində yetişdirilməli olduğunu dilə gətirib.
Baş katib fikirlərini belə əsaslandırıb ki, əldə olan futbolçularla praqmatik futbol oynayıb nəticə qazanmaq daha məntiqə uyğundur, nəinki əksi. Sözlərində həqiqət var. 10 il əvvəl Prosineçkinin, Qurban Qurbanovun əlinin altında olan futbolçular yoxdur indi millidə. Amma yenə də bu fikir ictimai müzakirəyə çıxarılmalı, yekun qənaətə gəlmək lazımdır. Cahangir bəy bəlkə də tam haqlıdır. Amma belə qərarlar bir-iki adamın baxışına görə verilməli deyil.
Həmid
saytlarin hazirlanmasi
