Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh NəsibovBakıda keçiriləcək dünya çempionatından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, qurum rəsmisi jurnalistlərin suallarını cavablandırıb:
- Azərbaycan Minifutbol Federasiyası olaraq Azərbaycanda ilk dəfədir dünya miqyaslı yarış keçiririk. Ölkəmiz bu cür beynəlxalq yarışları keçirməyə öyrəşib. Hər zaman da yüksək peşəkarlıq göstərib. Bir çox misallar çəkmək olar. Biz də bu nümunəni götürərək, AMF olaraq bu yarışı yüksək səviyyədə keçirmək niyyətindəyik. Azərbaycana yaraşan səviyyədə etmək istəyirik. Əlbəttə ki, çətinliklər həmişə olur, olacaq da. Əlimizdən gələni edirik. Azərbaycanda belə yarışların keçirilməsi federasiyanın üzərində böyük məsuliyyətdir. AMF-nin əməkdaşları çox deyil. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası bu yarışı keçirməyimizdə böyük dəstəkçidir. Hələ ki, bu işin öhdəsindən lazımınca gələ bilirik.
- Bu gün arenada veteranların oyunu keçiriləcək. Maraq böyükdür. Gələcəkdə bunu davam etdirmək fikriniz var?
- Özümüz də marağın nə dərəcədə olduğunun şahidiyik. "Legends Cup"dan sonra hər il bunu ənənə halına salmaq istəyirik. Gələn il də belə təşəbbüs irəli sürərək, belə oyunların keçirilməsinə ev sahibliyi edərik. Yəqin ki, olacaq. Çünki hamı gözəl qarşıladı bu ideyanı. Bizim üçün də xoşdur. Bizim veteranlardır. Onlar da bu cür oyunlarda iştirak edərək bizi və azarkeşləri sevindirirlər.
- Dünya çempionatına ev sahibliyi etmək təşəbbüsü necə yarandı? Kimin ideyası idi?
- Avropa çempionu olduqdan sonra daha çox işlər görməyə başladıq. 2023-cü ildə dünya çempionatı BƏƏ-də keçirilmişdi. AMF-nin prezidenti Orxan Məmmədovun təşəbbüsü idi. Dünya Minfutbol Federasiyasının görüşlərind təşəbbüs irəli sürmüşdü. Onlarla danışıqlara başladıq. Bütün lazım olan addımları atdıq. Onları Azərbaycana dəvət etdik, arenaları gəzdirdik. Arena seçildikdən sonra sənədlər toplandı və ev sahibliyi etmək istədiyimizi bildirdik. Növbəti iclasda 2025-ci ildə dünya çempionatının Bakıda keçirilməsinə qərar verildi. Əsas təşəbbüskar Orxan Məmmədovdur.
- Açılış mərasimində azarkeşləri nə gözləyir? Necə hazırlaşmısız?
- Hər bir yarışın güzgüzsü açılışdır. Kifayət qədər lazımi tədbirlər görnüşük. Maraqlı açılış olacaq. Açılışın necə olacağı həmin günə qalsın. Bəyənib-bəyənmədiyinizi deyərsiz.
- Millinin qarşısında duran vəzifə nədən ibarətdir?
- Ev sahibiyik. Millinin hazırlığına kifayət qədər lazım olan şəraiti yaratmışıq. İstər toplanışlar, istər qidalanma, istərsə də hər bir şərait yaradılıb. Ev sahibi kimi oynamaq da məsuliyyətdir. Milli komandamız psixoloji cəhətdən tam hazırdır. Heyət olaraq da formalaşıblar, neçə aydır toplanışdadırlar. Yaxşı olar. Ev sahibi olaraq istəyərdik ki, kubok Azərbaycanda qalsın. Hədəfimiz 3 yerdən birini qazanmaqdır. Oyunçulara demişik ki, 3 yerdən birini qazansaq, bizim üçün yaxşıdır.
- Qadınlar arasında minifutbol çempionatı keçirməyə necə baxırsız?
- Belə kütlə olmadığına görə çətinlik çəkirik. Böyük futbolda da çempionatımız elə də güclü deyil. AMF yarandığı gündən məhəllə futbolunu meydançaya gətirmişik. Bunun üzərində də peşəkarlıq göstərib, bu səviyyəyə gətirib çıxarmışıq. Qadınların marağı olsa, keçirilməsinə etiraz etmərik. Sadəcə bu cür marağın şahidi olmamışam.
- Milli komanda üçün mükafat fondu var?
- Əlbəttə ki, mükafatsız olmayacaq. Artıq baş məşqçi ilə müzakirə olunub, təyin edilib. İstəməzdim media üçün açıqlayım. Amma federasiya prezidenti tərəfindən mükafat təyin olunub. Bu barədə də baş məşqçiyə bildirilib. Yəqin ki, baş məşqçi də bunu kollektivlə bölüşüb.
Mirbağırağa
saytlarin hazirlanmasi