“Kəpəz”də ara qarışdı – BU İCLASDAN SONRA

15:39 - 10 İyul 2025

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Kəpəz”də gözlənilməz hadisələr cərəyan edir. Büdcə artımı ilə iddialı vəziyyətə gələcəyi gözlənən Gəncə təmsilçisində işlər yolunda getmir. Belə ki, rəhbərlik azarkeşləri üzəcək, futbol ictimaiyyətini təəccübləndirəcək qərarlar qəbul edib. 

Sportal.az xəbər verir ki, yeni rəhbərliyin gəlişinin ardından Gəncə futbolunda yüksəliş olacağını zənn edənlər yavaş-yavaş bu fikirdən daşınmalı olacaq. Çünki klubun İdarə Heyətinin sədri Namiq Qədirov “Kəpəz”ə gözlənən maliyyə dəstəyini verməyəcək.

O, klubun akademiyası və aşağı yaş qrupları ilə bağlı ciddi işlər görmək niyyətində deyil. N.Qədirov klub rəsmilərinə keçirdiyi iclasda açıq şəkildə belə şeylərə önəm vermədiyini bildirib. O, yalnız əsas komandaya müəyyən qədər büdcə ayıracağını qeyd edib.

Yeni sədr vəzifəyə gələndə azarkeşlərə ciddi işlər görəcəyini, Gəncə futbolunu yenidən ayağa qaldıracağını vəd etsə də, bunlara əməl etmək istəmir.

O, aşağı yaş qrupları və klubun akademiyası ilə bağlı masaya qoyulan bütün layihələrin heç birini qəbul etməyib. Hətta “Kəpəz” rəhbəri klubda çalışan xadimələrin belə maaşlarını artırmayıb. Qədirovun bütün fikri əsas komandaya bir neçə legioner cəlb edib əvvəl olduğu kimi komandanı Premyer Liqada saxlamaqdır.

Bunun da yeni hədəf olduğunu deyə bilmərik. Çünki onsuz da, “sarı-göylər” illərdir elitadakı yerini qorumaq üçün mübarizə aparır. Məhz Namiq Qədirovun gəlişindən sonra hədəflərin dəyişəcəyi və klubun daha da inkişaf edəcəyi gözlənilirdi. Ancaq Namiq bəyin bu qərarlarından sonra “Kəpəz”də yaxşı mənada hər hansı bir dəyişiklik olacağı inandırcı görünmür.

Əgər klub rəhbəri fikrini dəyişməsə, gəncəli azarkeşlərin ötən mövsümün sonlarındakı sevinci ürəylərində qalacaq.

idmanxeber.az

Xəbər xətti