Məşhur "ev tapşırığı"
Dünya futbolunda idmanın bu sahəsinə yeniliklər gətirmiş bir sıra ölkələr, klublar, məşqçilər var. Təsadüfi deyil ki, bu gün də futbol ölkələri özlərinəməxsus xüsusiyyətləri ilə tanınırlar. Braziliyalılar əla texnikaları, ingilislər başla oyunları, italiyanlar güclü müdafiəsi, almanlar dəqiqlikləri və sona qədər oynamaları ilə məşhurdular. Eyni zamanda fərd olaraq da önə çıxan, tarixdə iz qoyan futbolçular və futbol mütəxəssisləri də az deyil.
Məsələn, dünya futboluna “total futbol"u bəxş etmiş hollandiyalı Rinus Mixels. Məhz onun rəhbərliyi altında Hollandiya millisi 1974-cü il Dünya Çempionatında ilk dəfə 4-3-3 taktiki sxemindən istifadə edərək İtaliyanın “müdafiə futbolu" anlayışını məhv etdi və futbola rəng qatdı. Xosep Qvardiolanın “Barselona"ya gətirdiyi “tiki-taka" da bu qəbildən sayıla bilər. Və yaxud çexoslovakiyalı Antonin Panenkanın 1976-cı ildə keçirilən Avropa çempionatında vurduğu məşhur penalti zərbəsi. Sonradan bu üslubda yerinə yetirilən penaltilər “Panenkasayağı penalti" adlandırıldı və dövrümüzdə də futbolçular onbirmetrlik cərimə zərbəsi zamanı bu üsula tez-tez müraciət edirlər. Bütün bunlarla yanaşı bir çox klub, məşqçi və futbolçular olub ki, futbola müxtəlif yeniliklər gətiriblər. Təəssüf ki, Azərbaycan futbol ölkəsi olmadığı üçün bizdən bu cür futbol şəxsiyyətləri çıxmayıb. Dünya miqyasında ən çox tanınan futbol adamımız isə futbolçu və ya məşqçi yox, hakimimiz olub. Bununla belə, dünya futbolunda istifadə olunan və daha çox cərimə zərbələri və künc zərbələrində ehtiyac duyulan “ev tapşırıqları"nda bizim də “duzumuz"un olduğunu deyə bilərik.
Yəqin ki, hər kəs söhbətin Vaqif Sadıqovun məşhur “ev tapşırığı"ndan getdiyini anladı. Doğrudur, Sadıqovun məşqçi kimi, böyük uğurları olmayıb. Hər hansı bir çempionluğu, avrokuboklarda və yığmada önəmli nəticələri yoxdur. Ancaq bu ev tapışırığı ilə Azərbaycanın futbol tarixinə düşə bilib. Dəfələrlə yığmamızın bu taktikasından istifadə olunduğuna şahidlik etmişik. Ev tapşırığının əsas məqsədi nədən ibarətdir? Künc zərbəsi zamanı topa yaxınlaşan futbolçu onu cərimə meydançasına doğru ötürür. Bu zaman topa doğru şığıyan 2 və ya 3 futbolçu topa toxunmayıb onu arxaya buraxır. Öncədən planlaşdırıldığı kimi sonuncu şəxs qapıya doğru zərbə vurur.
Bu oyun elementini Vaqif Sadıqov ilk dəfə 1994-cü ildə “Neftçi" klubunun baş məşqçisi olduğu vaxtda Bərdənin “Pambıqçı" klubu ilə görüşdə tətbiq etmişdi. Həmin oyunda “Neftçi"nin futbolçuları Bəxtiyar Musayev və Mirbağır İsayev künc zərbəsinin yerinə yetirilməsində iştirak etsələr də, topa toxunmamış, son nöqtəni rəqibin cərimə meydanına gələn müdafiəçi Yaşar Vahabzadə qoymuşdu. Vaqif Sadıqov yığmanın baş məşqçisi təyin olunandan sonra da bu üsuldan istifadə etdi. Bu oyun elementinin uğurlu tətbiqi sayəsində 1997-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda yığmamız Türkmənistanla yoldaşlıq matçından qalib ayrılmağı bacarmışdı. Belə ki, yerinə yetirilən künc zərbəsindən sonra müdafiəçi Rasim Abışov matçdakı yeganə qola imza atmışdı. Yığmamız 1999-cu ildə Estoniya ilə Kiprdə keçirilən yoldaşlıq görüşü zamanı da analoji ev tapşırığından istifadə etmiş və qol vurmuşdu.
Sonralar da bu üsula çox müraciət edilib, avrokuboklarda belə künc zərbəsindən sonra futbolçularımız dəfələrlə rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradıblar, “Neftçi", “Qarabağ" və başqa klublar bundan yararlanıb. Düzdür, əksər vaxtlarda qol vurmaq mümkün olmayıb. Belə ki, son zamanlar bir sıra komandalar artıq azərbaycanlıların sözügedən ev tapşırığını əzbərləyib və tələyə aldanmayaraq zərbənin qarşısını alırlar. Rəsmi oyunlarda sonuncu dəfə belə vəziyyətdən qolu 2010-cu ilin 12 oktyabrında Rəşad Sadıqov AÇ-2012-nin qrup mərhələsində Bakıda Türkiyə millisinə vurmuşdu. Həmin matçın 26-cı dəqiqəsində Mahir Şükürovun küncdən ötürməsindən sonra Vüqar Nadirov və Rahid Əmirquliyev topun üzərindən atlamaqla rəqib futbolçuları, əsas da qapıçı Volkan Dəmirəli çaşdırmışdır. Nəticədə Rəşad Sadıqov dəqiq zərbə ilə hesabı açmış və yekunda yığmamız həmin qol sayəsində qələbə qazanmışdı.
Ümumiyyətlə, yığma səviyyəsində ilk dəfə bu tapşırıqdan 1994-cü il Trabzonda AÇ-96-nın seçmə matçımda İsrailə qarşı istifadə edib. 1995-ci ildə Oserdə Fransaya qarşı matçda da bu elementdən istifadə olunmuşdu. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu yığma ilk hissədə künc zərbəsi zamanı fransızları çaş-baş sala bilmişdi. Həmin vaxt Yunis Hüseynovun künc zərbəsindən ötürməsini 3 futbolçumuz ayağının arasından buraxsa da, Rasim Abışovun zərbəsini Bernar Lama dəf edə bilmişdi. 2006-cı ilin avqustunda səfərdə İranla keçirdiyimiz yoxlma matçında da bu tapşırıqdan istifadə olunub. Elvin Məmmədovun künz zərbəsindən sonra Vladimir Levinin zərbəsini qapıçı dəf etmişdi. Bunlardan başqa 2008-ci ildə Uelslə səfər matçında Rəşad Sadıqovun, 2010-cu ildə İspaniya ilə Bakıdakı yoldaşlıq görüşündə birinci halda yenə də Rəşadın, ikinci halda isə Mahir Şükürovun, 2010-cu il Çernoqoriya ilə yoxlama oyununda Vüqar Nadirovun bu üsuldan sonra zərbələri dəqiq olmamışdı.
Bayaq qeyd etdiyimiz kimi, “Azərbaycansayağı günc zərbəsi"ndən klublarımız gen-bol istifadə ediblər. Məsələn, “Neftçi" 2007-c ildə UEFA kubokunun ilkin təsnifat mərhələsinin Bakıdakı cavab matçında Avstriya “Rid"nə bu tapşırıqdan sonra qol vurub. İlk hissədə sağ cinahdan yerinə yetirilən künc zərbəsi zamanı Rəşad Sadiqovun ötürdüyü topu 2 futbolçu toxunmamış və boş mövqedə olan Rəşad Sadıqov qüvvətli zərbə ilə toru silkələmişdi. Düzdür, “Neftçi" həmin oyunda ona sərf edən nəticəni qazana bilməmişdi. Bununla belə, “Azərbaycansayağı künc zərbəsi" indinin özündə də avstriyalıların yaddaşındadır.
Bir il sonra keçmiş İntertoto Kubokunda oynamaq hüququ qazanan “Neftçi" ilk sınaqda Slovakiya təmsilçisi “Nitra" ilə üz-üzə gəldi. İlk oyun Bakıda keçirilirdi. Matça yaxşı başlayan “flaqman" çox keçmədi ki, hesabda önə keçdi. Bu dəfə də “Neftçi" “öz məhsulumuz"dan istifadə etdi. Ev tapşırığı ustalıqla yerinə yetirildi və yenə Sadıqov sağ ayağı ilə dəqiq zərbə vuraraq, toru silkələdi. Beləcə, slovakiyalılar da Vaqif Sadıqovun ideyasının qurbanı oldular. Onu da qeyd edək ki, bu ev tapşırığından sonra ən çox qol vuran futbolçumuz məhz Rəşad Sadıqovdur.
“Azərbaycansayağı künc zərbəsi"ni qola çevirən futbolçularımızdan biri də Ruslan Abışov olub. Ancaq bu, rəsmi görüşə təsadüf etməyib. 2010-cu ildə “Beşiktaş"la yoxlama oyunu keçirən “Neftçi" rəqib qapısına vurduğu qolla alqış qazanmışdı. Bu dəfə çərçivədə Türkiyə futbol tarixinin ən güclü qapıçısı hesab edilən Rüştü Rəçbər dayanmışdı. Künc zərbəsi sol cinahdan yerinə yetirilirdi və zərbəni vurmaq missiyası Ruslan Abışova tapşırılmışdı. “Beşiktaş"lı müdafiəçilər “Neftçi"dən bu cür ev tapşırığı gözləmirdilər. Beləliklə, kornerdən ötürülən top Ruslanın önünə gəlmiş və Abışov sol ayağı ilə yaxın küncü dəqiq nişan almışdı. Yeri gəlmişkən, buraxılan qoldan sonra Rüştü bərk əsəbləşərək, müdafiəçilərə zərbəyə imkan verdikləri etirazını bildirmişdi. Ancaq həmin epizodda Rüştünün özü də Abışovun zərbə vuracağını gözləmirdi.
“Azərbaycansayağı günc zərbəsi"ndən bir çox Avropa ölkələrinin aşağı divizion təmsilçilərinin, hətta Afrika qitəsi birinciliklərində istifadə olunduğu barədə xeyli videofakt var. Onlardan ən məşhuru Yaponiya və Zambiya yığma komandalarının arasında keçirilən yoldaşlıq görüşündə “qara qitə” təmsilçisinin künc zərbəsindən sonra haqqında danışdığımız formada qol vurmalarıdır. Son illər “Azərbaycansayağı günc zərbəsi"ndən nadir hallarda istifadə edildiyinin şahidi oluruq. Bunun da əsas səbəbi yəqin ki, “köhnəlməsi" ilə bağlıdır. Bəlkə, nəsə yenilik etmək vaxtıdır. Futbolda nəticələrimiz yoxdur, bəlkə, qeyri-adi nəsə Azərbaycansayağı bir “kəşf"lə yadda qalaq.
Anar XANLAROV/“Het-trik news” qəzeti
saytlarin hazirlanmasi