Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Təhsil Respublika İdman Mərkəzinin (TRİM) birgə təşkilatçılığı ilə ölkədə təmiz idman prinsiplərinin təbliği və idmançılar arasında antidopinq mədəniyyətinin formalaşdırılması məqsədilə növbəti maarifləndirici tədbir baş tutub.

Sportal.az agentliyə istinadən xəbəb verir ki, iki hissədən ibarət görüşdə müxtəlif növlər üzrə perspektivli idmançılar, eləcə də onların təcrübəli məşqçiləri iştirak ediblər.

Toplantının əsas məqsədi onlara qadağan olunmuş maddələr və üsullar siyahısı, dopinq nəzarəti prosesinin qaydaları, eləcə də bu halın insan sağlamlığına və karyeraya yaratdığı mənfi təsirlər haqqında ətraflı məlumat vermək olub.

Mütəxəssislər tərəfindən interaktiv formatda aparılan müzakirələr zamanı iştirakçılara dopinq nəzarəti proseduru (testlərin verilməsi qaydaları, idmançıların hüquq və vəzifələri), terapevtik istifadə üçün istisnalar (TUE – zərurət yarandıqda dərman vasitələrindən istifadənin hüquqi tərəfləri) və bioloji aktiv qida məhsullarından istifadənin riskləri mövzularında əsaslı izahatlar verilib.

Sonda maraq doğuran suallar cavablandırılıb və təmiz idman prinsiplərinə sadiq qalmağın vacibliyi bir daha xatırladılıb.

Bu cür maarifləndirici layihələrin gələcəkdə də mütəmadi davam etdirilməsi nəzərdə tutulur.