"Benfika" Portuqaliya millisinə oyunlarını keçirməsi üçün öz stadionunu verməkdən imtina etdi

00:39 - 28 May 2025

"Benfika" Portuqaliya millisinin öz stadionunda – "Estadio da Luş"də oyun keçirməsinə qadağa qoyub.

Sportal.az xəbər verir ki, bu qərar, klubun 25 may tarixində Portuqaliya Kubokunun finalında "Sportinq"ə 1:3 hesabı ilə uduzmasından sonra baş verənlərə etiraz olaraq verilib. "Benfika" oyundakı hakimlikdən narazı qalıb və nəticələrin idman ədalətini pozduğunu bəyan edib.

Daha əvvəl "Benfika" Portuqaliya çempionatını ikinci pillədə, "Sportinq"dən iki xal geridə başa vurmuşdu.

Klubun rəsmi bəyanatında aşağıdakı tədbirlərin görüldüyü bildirilir:

Portuqaliya Kubokunun finalında oyunun baş hakimi Luiş Qodinyo, VAR hakimi Tiaqo Martins və onların komandası barəsində intizam şikayəti verilməsi;

"Sportinq"in oyunçuları Mateus Reisin və Maksimilian Arauho-nun Andrea Belottiyə qarşı təkrarlanan aqressiv hərəkətlərinə görə intizam şikayəti;

Baş hakimlə VAR arasındakı danışıqların audioyazılarının dərhal dərc olunmasının və matçdan sonra verilmiş hakim qiymətləndirilmələrinin açıqlanmasının tələb olunması;

VAR protokolunun Portuqaliyada düzgün tətbiq olunmaması səbəbilə FİFA, UEFA və IFAB-a (Beynəlxalq Futbol Qaydaları Şurası) şikayət;

Yeni seçilmiş Hakimlər Komitəsindən açıq mövqe bildirməsi və vəziyyəti düzəltmək üçün konkret addımlar atması tələbi – əks halda komitənin fəaliyyətinin davam etdirilə bilməyəcəyi vurğulanır;

Yayım hüquqlarının mərkəzləşdirilməsi üzrə işçi qruplarda iştirakın dayandırılması və hökumətə təcili görüş üçün müraciət;

Portuqaliya Futbol Federasiyasına bildiriş: ədalətli rəqabət təmin olunana qədər "Benfika" milli komandanın oyunları üçün stadionunu təqdim etməyəcək.

Bəyanatın sonunda klub bildirir:

"Biz istəyirik ki, növbəti mövsüm ədalətli və şəffaf olsun. Təəssüf ki, bu, başa çatan mövsümdə baş vermədi. Biz hər zaman məsuliyyət daşıyırıq. İndi bu məsuliyyəti Portuqaliya futboluna rəhbərlik edənlərdən də tələb edirik."

Xəbər xətti