"Deportivo" və "Valyadolid"də oynayan futbolçu Bakıda: "Şehiç həmişə mənə "Qarabağ" haqda danışırdı"

15:24 - 28 May 2025

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsində mübarizə aparan komandalardan biri də Bosniya və Herseqovina millisidir. Yığma komandanın əsas üzvlərindən biri də, vaxtı ilə böyük futbolda adından söz etdirmiş Haris Medunyanindir. “Valyadolid”, “Makkabi”(Tel-Əviv), “Qaziantepspor”, “Deportivo” kimi komandalarda oynamış veteran futbolçu Bosniya və Herseqovina millisində də 60 görüş keçirib, 9 qol vurub. Hazırda isə minifitubol üzrə yığma komandasının əsas oyunçularından olan Haris Sportal.az saytına müsahibəsində Bakıda çempion olmaq şanslarından bəhs edib.

- Aktiv futbolçu karyeranı ötən mövsüm başa vurmusan. Bəs, minfiutbol oynamağa nə vaxt başlamısan?

- Bu ildən minifutbol oynayıram. Ötən il böyük futbolda karyeramı başa vurdum. “Kastelyon”da oynayırdım, sonradan bu klubda köməkçi məşqçi kimi işləyirdim. Yanvarda isə oradan ayrıldım. Sonradan minifutbol komandamızın rəhbərləri, qardaşlarım məni bura dəvət etdi. Hər halda, söhbət futbolda gedirsə, mən də burada oynamaq istədim. Hər şey yaxşıdır. 

- Bosniya və Herseqovina millisi qrupdan çıxdı və hazırda 1/8 finaldasınız...

- Biz meydana çıxırıqsa, sona qədər mübarizə aparırıq. Tailandla qarşılaşacağıq. Hər halda, şansımız varsa, sona qədər mübarizə aparmaq lazımdır. Bizim məqsədimiz növbəti mərhələyə adlamaqdır. Çətin qrupdan çıxmışıq. Demək ki, növbəti mərhələyə də adlamaq gücümüz var. Sadəcə mübarizə aparmaq lazımdır. Necə olacağını isə yalnız Allah bilir.

- Turnir haqda ümumi fikrin necədir?

- Təşkilatçılıq yüksək səviyyədədir. İlk dəfədir ki, Bakıdayam. Şəhərin özü də möhtəşəmdir. Bu haqda komanda yoldaşlarıma da bir neçə dəfə demişəm. Şəhər, insanlar, turnirin təşkilatçılıq səviyyəsi...Hamısı yüksək səviyyədədir. 

- Səncə, əsas favorit hansı komandadır?

- Mənə görə əsas favorit Azərbaycandır. Çox güclü komandadır. Serbiya da güclüdür. Hər şey baş verə bilər. Görəcəyik.

- Böyük futbol oynadığın dövrdə Azərbaycan klublarından təklif almışdın?

- Xeyr, heç vaxt təklif almamışdım. Maraqlıdır ki, heç vaxt Azərbaycan klublarına qarşı oynamamışam. Ona görə də, Bakıya səfərim olmamışdı.

- Bəs, Azərbaycan futbolu haqda məlumatın var?

- Əlbəttə ki, Azərbaycan futbolu haqda məlumatlıyam. Axı, İbrahim Şehiç “Qarabağ”da oynayırdı, həm də millidə komanda yoldaşım idi. O, hər zaman “Qarabağ”, Bakı haqda mənə gözəl şeylər danışırdı. İnsanlar barədə də yüksək fikirlər bildirirdi. Onların hamısını da hazırda biz özümüz görürük.  

Mirbağırağa
 

Xəbər xətti