Gənclər və idman naziri Fərid Qayıbov Xankəndidə "Xankəndi" - "Karvan-Yevlax" matçından sonra jurnalistlərə müsahibə verib. Sportal.az həmin müsahibəni təqdim edir: 

– Xatırlayırsınızsa, "Xankəndi" azad olunduqdan sonra, 2023-cü il dekabrın 21-də burada ilk oyun baş tutdu. “Qarabağ” MOİK-lə qarşılaşdı. Ondan sonra ölkə başçısının tapşırıqlarına əsasən, stadion yenidən quruldu. Bu yaxınlarda yenidən ölkə başçısının iştirakı ilə stadionun açılışı baş tutdu. “Xankəndi” ilk oyununu öz meydanında keçirir. Təbii ki, bu, çox sevindirici haldır. Çox sayda azarkeş var idi. Çoxdandır gözlədiyimiz gün idi. MOİK də burada oynamaq qərarına gəlib. Növbəti ildən onlar da oyunlarını burada keçirəcəklər. Stadion UEFA kateqoriyası almaq üçün hazırdır. Beynəlxalq standartlara uyğun olaraq burada hər cür şərait yaradılıb. Bu, AFFA-dan da asılıdır. Yaxın gələcəkdə çalışacağıq ki, milli komandamız ev oyunlarından birini burada keçirsin.

– Gələcəkdə uşaq futbolu ilə bağlı hansısa layihə nəzərdə tutulub? Xüsusən də Xankəndidə və işğaldan azad edilmiş digər şəhərlərdə, qayıdış proqramı icra olunan ərazilərdə...

– Həm bizim nazirliyin, həm də Elm və Təhsil Nazirliyinin uşaq-gənclər idman məktəbləri var. Orada futbol bölmələri də fəaliyyət göstərir. MOİK və digər idman klubları da var. Bu, dövlətin uşaq futboluna göstərdiyi dəstəkdir. Bununla yanaşı, bütün futbol klublarının futbol akademiyaları var. Orada da inkişaf gedir. Təbliğat işləri yaxşı aparılır. U-15 dünya çempionatı ilk dəfə bizim ölkəmizdə keçirildi. Nəticələrini də görəcəyik.

– AFFA ilə danışıq gedirmi ki, aşağı yaş qruplarından ibarət yığma komandamızın Xankəndidə yoxlama oyunu keçirməsi və ya təlim-məşq toplanışı təşkil etməsi nəzərdə tutulsun?

– Hazırda məndə belə bir məlumat yoxdur. Amma dediyim kimi, bu stadion beynəlxalq standartlara uyğundur. Gözləyirik ki, UEFA-dan gəlib stadionun kateqoriyasını müəyyənləşdirsinlər. Ondan sonra nəinki aşağı yaş qruplarından ibarət yığmalarımız, hətta A milli komandamız da burada oynaya bilər. Hətta burada avrokubok matçları da keçirilə bilər.

Mirbağırağa