“Kəpəz” futbol həvəskarlarının, KİV nümayəndələrinin marağını nəzərə alaraq, noyabrın 22-də Misli Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Qarabağ”la matçına biletlərin satışı ilə bağlı açıqlama yayıb.

Sportal.az xəbər verir ki, noyabrın 22-də Gəncə Şəhər Stadionunda baş tutacaq oyun üçün "Qarabağ"a qonaq komandanın istəyinə uyğun olaraq, 976 bilet ayrılıb.

Satışın ilk dəqiqələrindən etibarən fəallıq nümayiş etdirən azarkeşlər qısa vaxt ərzində bütün biletləri, o cümlədən “Qarabağ”a ayrılan kvotanı da əldə ediblər.

Ehtiyatda qalan son sektor – W-6-nın biletləri bu gün satışa buraxılıb. Günün sonuna olan məlumata əsasən, satışda cəmi 500 bilet qalıb.

“Kəpəz” – “Qarabağ” matçını W-6 sektorunda izləmək istəyənlər biletləri yalnız Gəncə şəhər stadionunun kassalarında ala bilərlər. Kassa sabah saat 9-dan 18-dək işləyəcək.