Marşal Adaları futbolunda inkişaf istiqamətində yeni hədəf müəyyənləşdirilib. Ölkənin milli komandası qarşıdakı 12 ay ərzində öz meydanında beynəlxalq oyun keçirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, bu barədə Marşal Futbol Federasiyasının nümayəndəsi Mett Uebb "Goal.com"a açıqlamasında danışıb.

Onun sözlərinə görə, doğma azarkeşlər önündə təşkil olunacaq qarşılaşma yığmanın FIFA tərəfindən tanınması istiqamətində vacib mərhələ ola bilər. Uebb bildirib ki, əsas məqsəd ölkədə futbolun geniş kütlə tərəfindən sevildiyini nümayiş etdirmək və Marşal Adalarının beynəlxalq futbol tədbirlərinə ev sahibliyi etmək imkanına malik olduğunu göstərməkdir.

Qeyd edək ki, Marşal Adaları millisi ötən ilin fevralında ABŞ-nin Arkanzas ştatında hazırlıq prosesi keçib. Həmin toplanış futbolçuların seçim dairəsinin genişlənməsinə, eləcə də qadınlardan ibarət komandanın formalaşdırılmasına müsbət təsir göstərib. Bundan başqa, ölkədə aprel ayında ilk dəfə futzal turniri təşkil olunub.