“Valensiya”, “Sevilya”, “Atletiko”, “İnter” klublarının və Argentina millisinin sabiq yarımmüdafiəçisi Ever Baneqa futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ESPN-in efirində ona ünvanlanan suala cavab verib:
– Messi sizə “İnter Mayami”də onunla birlikdə oynamağı təklif etsəydi, yenidən futbola qayıtmağa razı olardınız?
– Xeyr, qərarımı vermişəm. Vəssalam, futbolla işim bitib. Futboldan ayrılıram və bu, qəti qərarımdır. Dünən karyeramı bitirmək qərarımın 80 faiz dəqiqləşdiyini demişdim. Amma bu gün düşündüm: “Artıq bəsdir, bu, mənlik deyil. İrəli getməyin vaxtıdır”.
Ever Baneqa may ayına qədər “Defensa i Xustisiya” klubunda çıxış edib. O, həmçinin “Boka Xuniors” və Argentinanın digər klublarında forma geyinib. Avropada çıxış etdiyi müddətdə “Valensiya” ilə İspaniya Kubokunu, “Sevilya” ilə isə üç dəfə UEFA Avropa Liqasını qazanıb.
Baneqa Argentina millisinin heyətində 65 oyuna çıxıb və 6 qol vurub. O, iki dəfə Amerika Kubokunun finalında iştirak edib. Futbolçu həmçinin 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarının və 2007-ci ildə gənclər arasında dünya çempionatının qalibi olub.
saytlarin hazirlanmasi
