Qəribə səslənir, amma Çempionlar Liqasında qolları sıralayan Kamilo Duran bizim Premyer Liqada hücumçu kimi oynamağa çətinlik çəkir. Hərçənd, səbəbini araşdıranda bunun qəribəlik yox, məntiqəuyğunluq olduğu ortaya çıxır.
Məsələ burasındadır ki, "Qarabağ"ın ÇL-dəki rəqibləri müdafiə xəttini çox irəlidə qurur, oyunboyu çox sayda hücumlara çıxırlar. Belədə, əks-hücumlar və sürətli keçidlər zamanı Kamilo Duranın önündə boş zonalar yaranır. Yaxşı sürətə malik kolumbiyalı bu cür oyun reallığında özünü rahat hiss edir və qollarını vurur.
Misli Premyer Liqasında isə vəziyyət fərqlidir. "Qarabağ"la oyunlarda rəqiblər adətən müdafiədə oturur, kompakt oynayır, boş zonalar verməməyə çalışırlar. Bu halda Duran heç cür rəqib müdafiəsini yara bilmir. Çünki onun əsas mövqeyi sağ cinah vingeridir. Qurban Qurbanov Duranı məcburiyyətdən hücumda oynadıb və bu gediş avrokuboklarda özünü doğruldub.
Son vaxtlar isə fərqli görüntü müşahidə edirik. Qurban Qurbanov matçların son 20-25 dəqiqəsində onu vinger mövqeyinə çəkməyə başlayıb. Duran bizim liqada cinah oyunçusu kimi daha effektiv olduğunu göstərir. Tipik hücumçu olmadığı üçün kompakt müdafiəni yarmaqda çətinlik çəksə də, cinahda birəbir mübarizələrdə boş zonalardan əla yararlanır.
Ehtimal etmək olar ki, növbəti mövsüm "Qarabağ"a səviyyəli hücumçu gətirilsə, Duranı daha çox cinahda izləməli olacağıq.
Fikrət
saytlarin hazirlanmasi
