"Neftçi"ni gücləndirə biləcək yerli futbolçular - Vernidubun gənclərlə işləmək bacarığı sayəsində

13:50 - 19 May 2026

"Neftçi" minimum tapşırığın öhdəsindən gəldi. UEFA Konfrans Liqasına vəsiqə qazandılar. Azarkeşlər daha böyük nəticələr gözləyir. Təcrübəli ukraynalı mütəxəssis Yuri Vernidubun gəlişindən sonra buna inam da artıb.
 
Son illər ardıcıl uğursuzluqlar yaşayan "Neftçi"də vəziyyət düzəlməyə doğru gedir. Ən azından avrokuboklara yollanacaqlar. Lakin həm də elə bir vaxtdır ki, "Neftçi"nin güclənməyə ehtiyacı var. Adi gözlə baxanda da, heyətdə qiyməti yüksək, səviyyəsi o pula uyğun gəlməyən futbolçuların olduğunu görürük. 

Əvvəlki klublardakı işindən Vernidubun həm də yaxşı oyunçu seçimi edə bilməsinə dair məlumatlara malikik. Yəqin ki, onun "Neftçi"yə də səviyyəli legionerlər tapıb gətirəcəyinə şahidlik edəcəyik. 

Onun həm də yerli bazara diqqət etməsi şərtdir. Yuri Vernidubun xüsusən gənclərlə işləmək bacarığı nəzərə alınsa, komandanı bu istiqamətdə də gücləndirməsi mümkündür. 

Rüfət Abbasovu son bir il ərzində ən çox proqress edən yerli futbolçu hesab edə bilərik. İki il əvvəl "Neftçi"nin əvəzedici heyətini "Şamaxı"ya dəyişən gənc futbolçu Ayxan Abbasovun rəhbərliyi altında yeni səviyyəyə qalxıb. Hal-hazırda ölkənin ən yaxşı sol cinah müdafiəçilərindən biridir. "Şamaxı" ilə müqaviləsi bitən oyunçu xaricə getmək variantlarını gözdən keçirsə də, "Neftçi" kimi klubun təklifinə "yox" deməsi inandırıcı deyil.

"Araz-Naxçıvan"ın dayaq yarımmüdafiəçisi Mustafa Əhmədzadə də yüksəlişdə olan gənclərdən biridir. İspaniya futbol məktəbi görən Əhmədzadə texnikası, hərəkətliliyi ilə oyuna sürət qatan, yüksək tempə ayaq vermək iqtidarında olan futbolçudur. Mustafanın "Araz-Naxçıvan"la müqaviləsi davam etsə də, adekvat məbləğ qarşılığında "Neftçi"nin onun transfer hüququna yiyələnməsi mümkündür.

Emil Səfərov nümunəsi göstərdi ki, Vernidub gənclərə xüsusi yanaşma tətbiq edir. Murad Məmmədov qalası olsaydı, onu da inkişaf etdirəcəkdi. Lakin Murad xaricə yollanacaq. Hər halda Vernidub kimi məşqçinin gəlişi qarşıdakı mövsümlərdə "Neftçi"də yeni gənclərin üzə çıxması üçün yaxşı bir fürsətdir.

Fikrət  

Xəbər xətti